...

Əli Abbasov: Azərbaycanda İKT sektoruna sərmayə qoyulması üçün əlverişli mühit və geniş imkanlar yaranıb

Telekommunikasiya Materials 3 Aprel 2013 17:47 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Braziliya Federativ Respublikasının ölkəmizdə diplomatik missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arruda ilə görüşüb.
Əli Abbasov: Azərbaycanda İKT sektoruna sərmayə qoyulması üçün əlverişli mühit və geniş imkanlar yaranıb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Braziliya Federativ Respublikasının ölkəmizdə diplomatik missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arruda ilə görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanla Braziliya arasında dostluq müstəvisində davam edən əlaqələrdən söz açan nazir Əli Abbasov gələcəkdə də ölkələrimiz arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğumuzu bildirib.

2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini xatırladan Sergio Arruda isə ölkəmizdə İKT sektorunun dinamik inkişafının müşahidə edildiyini vurğulayıb. Azərbaycanda bu sahədə qazanılan təcrübənin Braziliya üçün də maraqlı və faydalı ola biləcəyinə diqqət çəkən səfir bu barədə məlumatları artıq öz hökumətinə təqdim etdiyini də söyləyib.

Öz növbəsində, ötən il Braziliyada keçirilmiş ümumdünya "Açıq Hökumət Tərəfdaşlığı" (AHT) üzrə nazirlər toplantısı və illik sammitdə iştirakı ilə bağlı Braziliya səfirliyinin göstərdiyi fəaliyyəti yüksək dəyərləndirən nazir Əli Abbasov bu tədbirdən sonra ölkəmizdə İKT-nin tətbiqi ilə dövlətin idarə edilməsi, "Elektron hökumət", elektron xidmətlərin genişləndirilməsi və s. kimi faydalı tədbirlərin həyata keçirildiyini, eyni zamanda, Azərbaycanın AHT təşəbbüsünə qoşulduğunu, bununla bağlı Tədbirlər Planının hazırlanaraq respublika Prezidenti tərəfindən imzalandığını, müvafiq sənədə uyğun olaraq, artıq konkret işlərin icrasına başlanıldığını qeyd edib.

Ölkələrimiz arasında İKT sektorunda təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərə ehtiyac olduğunu da söyləyən nazir bu görüşlərin hər iki tərəf üçün faydalı və əhəmiyyətli ola biləcəyinə əminliyini bildirib. Bakıda ənənəvi olaraq hər il keçirilən "Bakutel" sərgi-konfransına Braziliyanın müvafiq nazirliyi və İT şirkətlərini də dəvət edən nazir Azərbaycanda "Yüksək Texnologiyalar Parkı"nın yaradılması üzrə işlərin aparılmasını, növbəti tədris ilindən İnformasiya Texnologiyaları Universitetinin, tezliklə isə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətə başlayacağını əsas gətirərək, ölkəmizdə bu sahəyə sərmayə qoyulması üçün əlverişli mühitin və geniş imkanların yarandığını, eyni zamanda, gələcəkdə Braziliya şirkətlərinin sərmayələrinin Azərbaycan üzərindən region ölkələrinə ixracının mümkünlüyünü də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti