...

Bakıda "Mobil texnologiyalar üzrə Dünya Gənclər Forumu" keçiriləcək

Telekommunikasiya Materials 25 Aprel 2013 19:54 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin və Xəzər İnvestisiya Mərkəzinin təşkilatçılığı ilə 29-30 aprel 2013-cü il tarixdə Bakı şəhərində “Mobil texnologiyalar üzrə Dünya Gənclər Forumu” keçiriləcək.
Bakıda "Mobil texnologiyalar üzrə Dünya Gənclər Forumu" keçiriləcək

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyinin və Xəzər İnvestisiya Mərkəzinin təşkilatçılığı ilə 29-30 aprel 2013-cü il tarixdə Bakı şəhərində "Mobil texnologiyalar üzrə Dünya Gənclər Forumu" keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forumun keçirilməsində məqsəd mobil texnologiyaların son nailiyyətləri ilə tanış olmaq, mobil aplikasiyaların hazırlanması və istifadə olunması sahəsində beynəlxalq təcrübəni öyrənmək, həmçinin gənclərin yeni texnologiyalara marağını artırmaqdır.

Beynəlxalq forumda dünyanın 20 ölkəsindən (ABŞ, Finlandiya, Belçika, Almaniya, Avstriya, Rumıniya, Bolqariya, Serbiya, Makedoniya, Yunanıstan, Türkiyə, Estoniya, Rusiya, Belarus, Ukrayna, Moldova, Tunis, İordaniya, Hindistan və Sinqapur) İKT sahəsində çalışan 30 xarici ekspertin və mobil aplikasiyalar üzrə tanınmış mütəxəssisin iştirakı nəzərdə tutulub.

Forum çərçivəsində Dünya Bankı tərəfindən dəstəklənən "İnfoDev" proqramının, "Mobile Monday Global" şəbəkəsinin və "ECAbit"in (Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnoloji Parkları Şəbəkəsi) təqdimatları keçiriləcək.

Forum öz qarşısında gənclər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması və mobil texnologiyalar vasitəsilə biznes əlaqələrin qurulmasını hədəf kimi müəyyən edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti