...

BMT və Azərbaycan IT üzrə saziş layihəsi hazırlayıb

Telekommunikasiya Materials 9 Mart 2007 16:19 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın regionun informasiya texnologiyalarının inkişafında rolu barədə saziş layihəsi hazırlayıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Sənəd artıq Azərbaycan hökumətinə təqdim olunub.

Saziş layihəsi Santa-Klarada keçirilmiş inkişaf məqsədilə informasiya-kommunikasiya texnologiyalarının istifadəsi üzrə Qlobal Alyansın görüşündə hazırlanıb. Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etidiyi nümayəndə heyəti iştirak edib.

Görüşdə IT sahəsində Azərbaycanda həyata keçirilmiş tədbirlər və bu sahədə dövlət siyasəti müzakirə olunub.

Qlobal Alyans 2006-cı ilin əvvəlində BMT-nin himayəsi ilə yaradılıb. Onun məqsədi minilliyin inkişafı Məqsədinə çatmaq üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) fəal istifadəsinə nail olmaqdır. Alyansın ilk görüşü 2006-cı ilin iyununda Kuala-Lumpurda keçirilib. Bu görüş İKT-nin iqtisadiyyatın inkişafı və yoxsulluğun aradan qaldırılmasındakı roluna həsr olunub.

Qlobal alyansın növbəti görüşü martın 26-da Nyu-Yorkda BMT-nin mənzil qərargahında keçiriləcək. Bu görüş əlil insanlar üçün yeni köməkçi texniki qurğulara həsr olunacaq. Mayda Cenevrədə alyans "Gənclik və inkişaf üçün İKT" mövzusunda forum keçirəcək.

Xəbər lenti

Xəbər lenti