...

“F-16” qırıcıları ilə bağlı ikihəftəlik gözləmə müddəti gələn şənbə başa çatacaq - Hakan Fidan

Turizm Materials 5 Fevral 2024 05:10 (UTC +04:00)
“F-16” qırıcıları ilə bağlı ikihəftəlik gözləmə müddəti gələn şənbə başa çatacaq - Hakan Fidan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin “F-16” qırıcılarının yeniləməsi ilə bağlı proses ABŞ-da davam edir. İki həftəlik bir gözləmə müddəti var. Bu, ikihəftəlik proses müddəti gələn şənbə günü başa çatacaq.

Trend xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan mediaya açıqlamasında bildirib.

Türkiyənin “F-35” layihəsinə qayıtması barədə sualı cavablandıran nazir bununla bağlı hansısa qəbuledilməz şərtlərin irəli sürüləcəyi təqdirdə başqa alternativlər axtarmağa davam edəcəklərini deyib.

Türkiyənin Avropa İttifaqı (Aİ) üzvlüyü məsələsinə toxunan Hakan Fidan əlavə edib: “Avropa İttifaqı ən ümidsiz halları belə istədiyi vaxt qəbul edib. Sarkozi dövrünə qədər ciddi bir proses var idi. Onun dövründə Aİ öz bazası üçün kimlik siyasətinə üstünlük verdi və nəticədə fərqli mədəniyyətləri əhatə edən bir quruluşa çevrilə bilmədi”.

Türkiyənin İttifaqa tamhüquqlu üzv qəbul edilməməsinin Avropa üçün itki olduğuna diqqət çəkən Fidan deyib: “Kimlik siyasətinə üstünlük verilməsi Avropa dövlətlərində müəyyən partiyaların hakimiyyətə gəlməsində təsirli görünsə də, böyük strateji mənzərə baxımından qitə üçün ciddi problem yaradıb. Türkiyə 2011-2012-ci illərdə Aİ-yə üzvü olsaydı, İttifaq Brexitlə üzləşməz və Avro-Atlantik təhlükəsizlik tənliyində daha müstəqil faktor olardı. Bu gün onlar Yaxın Şərqdə və Afrikada problemli ərazilərdə qabaqlayıcı diplomatiya ilə daha effektiv ola bilərdilər. Lakin hazırda Avropa İttifaqı bir çox məsələlər, o cümlədən miqrasiya ilə mübarizə apara bilmir. Onlar strateji güc balansına daxil olanda Amerika onların tərəfində olmalıdır”.

Finlandiya və İsveçin NATO üzvlüyü məsələsinə toxunan Fidan bildirib ki, bu məsələ mərhələli şəkildə davam edir. Xüsusilə Türkiyənin həm NATO, həm də bəzi Alyans ölkələri ilə strateji təhlükəsizlik problemlərinin olması bu barədə danışıqlar aparmağı tələb edirdi. NATO-dan irəli gələn və NATO-ya üzv ölkələri əhatə edən problemlərin bəziləri hansısa yolla gündəmdən çıxarılmalı, danışıqlar aparılmalı idi.

2022-ci ildə Madriddə NATO-nun Baş katibi, Türkiyə Prezidenti, İsveç və Finlandiyanın dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Sammiti xatırladan nazir bildirib ki, burada alınan qərar və yazılı razılaşma ilə Türkiyənin terrorla bağlı yüksək narahatlığı ilk dəfə gündəmə gətirildi. Türkiyə PKK, YPG və FETÖ ilə mübarizənin NATO mətnlərində yer almasını təmin etdi. Bu təşkilatlara NATO-ya qoşulacaq dövlətlər tərəfindən heç bir dəstək verilməməsi öhdəlik olaraq irəli sürüldü.

NATO-nun bir təhlükəsizlik təşkilatı olduğunu vurğulayan nazir burada terrorla mübarizə də daxil olmaqla, bir yol xəritəsi hazırlandığını və bu istiqamətdə hərəkət edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti