Bakı. Trend:
İtaliyanın şimal-qərbində yerləşən Liquriya və Toskana regionlarında baş verən güclü sel və daşqınlar bir nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, intensiv leysan yağışları çayların daşmasına, yüzlərlə evin su altında qalmasına gətirib çıxarıb. Çətin vəziyyətdə qalan 50 nəfər mülki müdafiə qüvvələrinin yardımı ilə xilas edilib.
Bəzi bölgələrdə yağıntı miqdarı 100-200 millimetrə çatıb və torpaq sürüşmələri qeydə alınıb. Daşqınlar nəticəsində infrastruktur ciddi ziyan görüb, dəmir yolu stansiyaları və tramvay xətləri zədələnib. Bir çox şəhərdə ibtidai və orta məktəblərin fəaliyyəti dayandırılıb. Liquriyada davam edən əlverişsiz hava şəraitinə görə "qırmızı xəbərdarlıq" elan edilib.
Əhaliyə ehtiyatlı olmaları və mümkün qədər hərəkətdən çəkinmələri barədə xəbərdarlıq edilib.