...

IDEA və YARAT tullantılardan incəsənət əsəri yaratdı (FOTO)

Mədəniyyət Materials 16 Dekabr 2013 20:24 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "YARAT!" Müasir İncəsənət Məkanı "Tullantıdan incəsənətə" adlı birgə layihə həyata keçiriblər.
IDEA və YARAT tullantılardan incəsənət əsəri yaratdı (FOTO)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir V.İmanov/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "YARAT!" Müasir İncəsənət Məkanı "Tullantıdan incəsənətə" adlı birgə layihə həyata keçiriblər.

Trend-in məlumatına görə, layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanılıb, onlardan paytaxtın Səməd Vurğun küçəsində Yeni il öncəsi dekorativ şam ağacı hazırlanıb.

Bu dekorativ şam ağacını tullantılardan incəsənət nümununələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurublar. Layihədə xeyli sayda könüllülər də iştirak edib.

Hündürlüyü 7 metr, diametri 4,2 metr olan sənət nümunəsi Yeni il ərəfəsində meşə və parklarda əkilmiş şam ağaclarını kəsmədən, ətraf mühitə zərər vermədən, alternativ yollardan istifadə etməklə süni şam ağacları əldə etməyin mümkünlüyünü göstərir.

Qeyd edək ki, bu dekorativ ağacın ərsəyə gətirilməsində işlədilən istifadə edilmiş butulkalar "Pepsi Azərbaycan" şirkəti tərəfindən toplanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti