Bakı. Trend:
Mayın 16-da Praqada 18 məruzəçinin iştirakı ilə 18-ci Beynəlxalq Kaspian İnvestisiya Forumu işə başlayıb. Bu, indiyədək keçirilən forumlar arasında rekord sayda məruzəçidir. İştirakçıların qeydiyyatı və qarşılanma qəhvəsindən sonra forumun qonaqları Praqa Konqres Mərkəzinin zalında təqdim olunan incəsənət və kitab sərgisi ilə tanış olublar.
Azərbaycan Yazıçılar Birliyinin, Britaniya Poeziya Cəmiyyətinin, Avropa Yazıçılar Konqresinin üzvü, “Natavan” cəmiyyətinin yaradıcısı, o cümlədən Azərbaycanın Əməkdar Artisti, tanınmış şairə Leyla Begimin, eləcə də Azərbaycan Respublikası əməkdar incəsənət xadimi Bəhram Bağırzadənin kitabları forum iştirakçılarında böyük təəssürat yaradıb.
Açılış mərasimindən və Çexiyadakı Financial Chain Corporation-ın regional meneceri moderator Teymur Axundovun salamlama nitqindən sonra forum öz işinə başlayıb. Azərbaycan Respublikasının Çexiyadakı səfiri Adış Məmmədov, Türkiyə Respublikasının Çexiyadakı səfiri Egemen Bağış, Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev və Financial Chain Corporation-ın idarəedici tərəfdaşı, Caspian Energy Club Czechia İdarə Heyətinin sədri Zaur Qədirov tədbir iştirakçılarını salamlayıb və ölkələr arasında iqtisadi əlaqələrin inkişafında belə bir tədbirin əhəmiyyətini vurğulayıblar.
Ardınca XVIII Beynəlxalq Kaspian İnvestisiya Forumu öz işinə başlayıb. Birinci sessiya “Hüquqi mühit: Aİ-nin mürəkkəb normativ-hüquqi bazasında oriyentasiya və onun sərhədləri daxilində fəaliyyət göstərən bizneslərə təsirinin anlaşılması” adlanırdı və məruzəçi qismində Çexiya Sənaye və Ticarət Nazirliyinin Xarici İqtisadi Siyasət Departamentinin direktoru Martin Postpisil, İqtisadçı, məsləhətçi, Çexiya-Ukrayna Ticarət və Sənaye Palatasının keçmiş sədri Petr Krumphanzl və Xarici İnvestisiya Assosiasiyasının sədri Kamil Blazek çıxış etdilər.
İki günlük 18-ci Beynəlxalq Kaspian İnvestisiya Forumunun birinci günü sessiyalar və panel müzakirələri ilə davam edir.
Qeyd edək ki, tədbirin məqsədi ölkələr arasında işgüzar əlaqələrin genişləndirilməsi, investisiya və əməkdaşlıq üçün yeni imkanların yaradılması, həmçinin müxtəlif ölkələrin biznes mühiti haqqında fikir mübadiləsinin aparılmasıdır. Həm dövlət qurumlarının nümayəndələrinin, həm də biznes mühitinin potensial tərəfdaşlarının iştirakı ilə keçirilən forumun təşkilatçıları Joint Bridges və Caspian Energy Club Czechia-dır. Platinum Sponsor - Financial Chain Corporation-dir. Rəsmi dəstək Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi və Türkiyə Respublikasının Çexiya Respublikasındakı Səfirliyi tərəfindən həyata keçirilir. Forumun sponsorları Energazer, Philips və Evintel-dir.