Bakı. Trend:
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməyi dayandırması faciə deyil.
Trend xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin "Rusiya – İslam dünyası: KazanForum" XV Beynəlxalq İqtisadi Forum çərçivəsində deyib.
"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməyi dayandırması faciə deyil. İrəvan təşkilatdan çıxmır", - o deyib.
Pankin təşkilatın fəaliyyətini davam etdirdiyini qeyd edib.
"KTMT-nin fəaliyyətində elə hallar olub ki, ölkələr öz ödənişlərini bir qədər gecikdirib, hissə-hissə ödəyiblər. Lakin hərbi-siyasi nöqteyi-nəzərdən Ermənistanın KTMT-yə münasibətdə gələcək kursunu həm onun lazımi səviyyədə təmsil etməli və bilməli olduğu milli maraqları, həm də ölkənin öz təhlükəsizliyini təmin etmək imkanları ilə müəyyən ediləcək", - deyə o əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Ermənistanın Xarici İşlər Nazirliyi ölkənin KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırdığına dair məlumat yayıb.
"Ermənistan Respublikası "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsi haqqında" 23 noyabr 2023-cü ildə qəbul edilən qərarın tərəfi olmayacaq və sözü gedən qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. Bununla belə, Ermənistan bu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir", - Ermənistan XİN-dən bildirilib.