Bakı. Trend:
Hazırda “Azercosmos” iki telekommunikasiya peykini idarə edir.
Trend xəbər verir ki, bu barədə “Azercosmos”un sədr müavini Fuad Aslanov “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Artan bağlantı ehtiyacları üçün telekommunikasiya arxitekturasındakı irəliləyişlərin araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, agentlik hazırda 50 ölkədə xidmət göstərir.
“Peyk-kommunikasiya bazarı hazırda 20 milyard dollar dəyərindədir. 2032-ci ildə bunun 123 milyard dollara çatacağı düşünülür.
İnsanlar baş verəcək fövqəladə halları öncədən təxmin edə bilməz. Bu səbəbdən fövqəladə xəbərdarlıq kommunikasiya sisteminin yaradılmasına ehtiyac var. Biz son 2 ildə bu istiqamətdə müəyyən işlər gördük və bəzi uğurlu sınaqlar həyata keçirdik”, - deyə o bildirib.
Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq. Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.