Bakı. Trend:
BMT Azərbaycanın sədrliyi altında COP29-dan mühüm nəticələr gözləyir.
Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "GSMA M360 Eurasia 2024" konfransında deyib.
"COP29-dan gözləntilər böyükdür. Buraya, həmçinin, iqlim konfransına qoşulmuş 195 ölkə üçün yeni kollektiv maliyyə hədəfinin razılaşdırılması, eləcə də istixana qazlarının emissiyalarının azaldılmasındakı uğurları əks etdirən şəffaflığa dair hesabatların qəbul edilməsi daxildir", - deyə o bildirib.
Onun sözlərinə görə, COP29 hökumət, özəl sektor və elmi ictimaiyyət ilə birlikdə Azərbaycanın iqlim ambisiyalarını dəstəkləməyə və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini reallaşdırmağa imkan verəcək.
"Həmçinin, COP28-də əldə edilmiş razılaşmaların icrasını təmin etmək və yadda saxlamaq lazımdır ki, ÇNL birdəfəlik tədbir deyil, keçmiş COP28, gələcək COP29 və COP30 da daxil olmaqla, müxtəlif ölkələrin sədrliyi ilə keçirilən bir neçə sessiyanı əhatə edən uzunmüddətli prosesdir", - deyə o əlavə edib.
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir.
Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.
"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)