Bakı. Trend:
Biz vəd etmişdik ki, 2050-ci ilə qədər emissiyaları 40% azaldacağıq. Lakin qeyd edə bilərik ki, 2035-ci ilə qədər emissiyalarımız 40% azalacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda deyib.
O bildirib ki, 1990-cı illə müqayisədə 2030-cu ilə qədər emissiyalarımız 35% azalacaq. E.Soltanov vurğulayıb ki, hər bir iqlim fəaliyyəti əvvəlki qərarlardan irəli gələrək tərəqqini əks etdirməlidir:
"Ona görə də biz vəd etmişdik ki, 2050-ci ilə qədər emissiyaları 40% azaldacağıq. Lakin biz qeyd edə bilərik ki, 2035-ci ilə qədər emissiyalarımız 40% azalacaq. Biz emissiyaların 40% azalmasını 2050-ci ilə qədər nəzərdə tutmuşduqsa, indi bunu 2035-ci ilə qədər nəzərdə tuturuq".
E.Soltanov söyləyib ki. əvvəl istinad, baza ilimiz 1990-cı il idi, indi isə 2022-ci ili baza ili kimi götürmüşük:
"Bu da imkan verir ki, biz mövcud vəziyyəti daha dərindən başa düşək və hesabatlarımız daha keyfiyyətli olsun. Hesablamalarımıza görə, 2022-ci ildə bizim emissiyalarımız 61 milyon ton karbon dioksidə bərabər olub. Bu, qlobal səviyyədə 1 faizdir. Azərbaycanda adambaşına düşən emissiyaların miqdarı dünya, Avropa orta göstəricisindən aşağıdır. 1990-cı illə müqayisədə artıq emissiyalarımız xeyli azalmasına müvəffəq olmuşuq".
"İndi enerji sektrorunu əlavə 4 altsektora bölmüşük və artıq 7 sektoru əhatə edirik. Qlobal səviyyədə qərarların verilməsi də onu diktə edir ki, iqtisadiyyatın bütün sektorlarını əhatə etməliyik. İnvestisiyalar baxımından ən böyük sektor 24% paya malik elektrik enerjisinin istehsalı sektorudur.
İkincisi evlər, binalar, infrastrukturdur. Onların payı ölkə üzrə ikinci yerdədir. Üçüncüsü isə neft və qaz sektorudur. Neft və qaz sektoru mütləq rəqəmlərlə baxsaq, təxminən 16% emissiyalara cavabdehdir. Dördüncüsü 15%-lə nəqliyyat sektorudur. Növbəti pillədə 14% göstərici ilə sənaye, 8%-lə tullantı,7%- göstərici ilə isə kənd təsərrüfatı sektoru qərarlaşır. Kənd təsərrüfatında biz xalis rəqəmləri götürürük. Burada meşə zolaqları və örtüyünü və s. nəzərə alırıq", - deyə E.Soltanov bildirib.