...

Mikromobillik infrastrukturunun inkişafına dair ictimai dinləmə keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2024 16:35 (UTC +04:00)
Mikromobillik infrastrukturunun inkişafına dair ictimai dinləmə keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) mobilliyin transformasiyası proqramı çərçivəsində mikromobillik infrastrukturunun inkişafı mövzusunda növbəti ictimai dinləmə təşkil olunub. Agentliyin mütəxəssisləri, ekspertlər və media nümayəndələrinin iştirak etdiyi tədbir mikromobillik infrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunub.

Trend xəbər verir ki, tədbirdə AYNA-nın mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov təqdimatla çıxış edərək bu sahədə görülən işlərin əsas istiqamətləri barədə məlumat verib, infrastrukturun qurulması prosesində beynəlxalq təcrübənin nəzərə alındığını qeyd edib. Bildirilib ki, konseptual plan az maliyyə xərcləri ilə qısa müddətdə mövcud yol infrastrukturunda mikromobillik zolaqlarının yaradılmasını nəzərdə tutur ki, bu işlər çərçivəsində xarici ölkələrin şəhərləri, məsələn, Barselona (İspaniya), Braqa (Portuqaliya), Nyu-York və Mayaminin (ABŞ) təcrübəsindən istifadə olunub:

“AYNA tərəfindən mikromobillik vasitələrinin təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bakı şəhərində mikromobillik zolaqları təxminən 32 km-ə qədər genişləndirilib, əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün zolaqların əlaqəliliyi təmin edilir. Mikromobillik şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur”.

“Pedalçı” şirkətinin rəhbəri, “Sürəyənlər” qrupunun admini Tofiq Hidayətzadə mikromobillik şəbəkəsinin genişləndirilməsi ilə bağlı görülmüş işləri dəstəklədiyini, təhlükəsizlik baxımından bu zolaqlar üçün xüsusi yol nişanlarının, zolaqlar arasındakı bufer zonalarda təhlükəsizlik sədlərinin quraşdırılmasının, eləcə də işıqforların təkmilləşdirilməsini, yəni, mikromobillik istifadəçiləri üçün Bakıda ilk dəfə işıqfor bölmələrinin mövcud dirəklərə əlavə edilməsininin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Velosiped Federasiyasının nümayəndəsi Səhər Mehmanın yol hərəkəti ilə bağlı nəzərdə tutulmuş suallarına cavab olaraq bildirib ki, velosipedçilər, elektrik mühərrikli kiçik nəqliyyat vasitələri və digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə “Yol hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib: “Burada söhbət qanunvericiliyə mikromobilliyə dair yeni anlayışlar, yol nişanları və nişanlanma xəttinin daxil edilməsi, kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti və icarə operatorları üçün tələblərin müəyyənləşdirilməsi, mikromobillik qaydalarının pozulmasına görə cərimələrin və velosiped yollarının qanunsuz istifadəsinə dair inzibati tənbeh tədbirlərinin tətbiqindən gedir.

Qeyd edim ki, velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilir. Bu inzibati xəta yüz manat cərimə və 2 balla qiymətləndirilir. Bundan başqa, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə müəyyən edilir”.

Həmçinin bildirilib ki, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə müəyyən edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin operatorların fəaliyyətinin tənzimlənməsi ilə bağlı sualına cavab olaraq bildirilib ki, Bakı şəhəri üzrə kiçik elektrik nəqliyyat vasitələri üçün 211 parklanma yeri təyin edilib. Şəhər mərkəzində xaotikliyin aradan qaldırılması məqsədilə 2024-cü ilin avqust ayında velosipedlər üçün 50-yə yaxın park yerində xüsusi konstruksiyalar və yol nişanları quraşdırılıb. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyən edilir.

C. Məmmədov qeyd edib ki, hazırda kiçik elektrik nəqliyyat vasitələrinə (KENV) olan maraq artmaqdadır. Odur ki, təhlükəsiz hərəkət üçün bu nəqliyyat vasitələri üzrə müəyyən olunmuş qaydalara əməl etmək vacibdir. Qaydalara əsasən, bir KENV-i yalnız bir şəxs idarə edə bilər, təhlükəsizlik baxımından 14 yaşdan aşağı şəxslərə KENV idarə etmək qadağandır.

Bundan başqa, xidmətin təkmilləşdirilməsi məqədilə operatorlarla daimi görüşlər keçirilir, xidmət səviyyəsinin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə tapşırıqlar verilir, gələcək planlamalar üçün statistik məlumatlar toplanır.

Son olaraq qeyd olunub ki, AYNA mikromobilliyin təşviqi işinə də xüsusi diqqət göstərir. Məlumatlandırma çərçivəsində mikromobilliyin əhəmiyyəti haqqında mütəmadi marifləndirmə aparılır, tədbirlər, operatorlarla birgə mikromobillik vasitələrinin istifadə qaydalarına dair ödənişsiz təlimlər, eləcə də, müxtəlif ictimai təşkilatlarla birlikdə maraq qrupları, peşəkar və həvəskar velosipedçilər üçün velosiped turları təşkil edilir. Peşəkar velosipedçilər və digər maraqlı tərəflərlə davamlı əməkdaşlıq həyata keçirilir, əhali arasında mikromobilliklə bağlı rəy sorğuları təşkil olunur.

Aparıcı Teymur Əliyevin velosiped istifadəçilərinin statistikası ilə bağlı sualına cavab olaraq qeyd olunub ki, son iki ay ərzində yalnız “bikesharing” istifadəçiləri tərəfindən 140 min km məsafədədə velosipeddən istifadə olunub. Gündəlik olaraq isə 650 istifadəçi qeydə alınır.

Qarşılıqlı müzakirələrlə davam edən dinləmə zamanı ekspert və media nümayəndələrini maraqlandıran digər suallar da cavablandırılıb, maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, alternativ nəqliyyat vasitələrinə çevrilən velosiped və elektrik skuterlərindən istifadənin təşviqi, onlar üçün yaradılan xüsusi zolaqların yol infrastrukturuna inteqrasiyası, müvafiq şəbəkənin daha da genişləndirilməsi ümumilikdə şəhərdə mobilliyin artırılması, ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsiri baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bu kimi silsilə dinləmələrin keçirilməsi davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti