Bakı. Trend
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Yaponiya-Avropa İttifaqı Xarici və Təhlükəsizlik Siyasəti üzrə Strateji Dialoqun ilk iclasında iştirak üçün Yaponiyaya səfər edəcək.
Trend-in məlumatına görə, Borrellin Yaponiya xarici işlər naziri Takeşi İvaya ilə görüşməsi və xarici siyasət üzrə strateji dialoqun iclasını keçirməsi planlaşdırılır. Danışıqlar çərçivəsində Yaponiya ilə Aİ arasında əməkdaşlıq, xüsusilə təhlükəsizlik sahəsində tərəfdaşlıq və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər zamanı tərəflərin təhlükəsizlik və müdafiə sahəsində yeni bir tərəfdaşlıq elan edəcəyi və strateji tərəfdaşlıq sazişini ratifikasiya edəcəyi gözlənilir. Yaponiya mətbuatının məlumatına əsasən, tərəfdaşlıq dəniz və kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində əməkdaşlığı əhatə edəcək. Borrellin Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə də görüşməsi planlaşdırılır.
Yaponiya son dövrlərdə Avropa və Asiyanın təhlükəsizliyinin bölünməzliyini vurğulayaraq, Avropa ilə, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin inkişafına önəm verir.
Tokiodan sonra Borrell Koreya Respublikasına səfər edəcək və Seulda xarici siyasət və hərbi qurumların rəhbərləri ilə görüşlər keçirəcək, həmçinin KXDR ilə sərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya səfər edəcək.