...

BRICS-lə əməkdaşlıq Azərbaycan üçün yeni siyasi və iqtisadi dividendlər formalaşdırır

Siyasət Materials 31 Oktyabr 2024 09:46 (UTC +04:00)
BRICS-lə əməkdaşlıq Azərbaycan üçün yeni siyasi və iqtisadi dividendlər formalaşdırır

Bakı. Trend:

Azərbaycanın qlobal səviyyədə ehtiramla qarşılanan dövlət olması, cənab Prezident İlham Əliyevin isə dünyanın nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanması reallıqdır. Bu barədə Azərbaycanın Avropa İttifaqı üzvlərinin üçdə biri ilə strateji tərəfdaşlığından, 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmasından başlamış, qlobal aktuallıq kəsb edən məsələlərdə söz sahibi kimi çıxış etməsinə, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilata sədrlik həyata keçirməsinə qədər çoxsaylı misallar gətirə bilərik.

Bütün bunları təmin edən Prezident İlham Əliyevin adı isə dünyanın nüfuzlu siyasi liderləri, dövlət başçıları ilə bir cərgədə çəkilir. Dövlətimizin başçısının qlobal əməkdaşlıq məsələlərinə baxışları və münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamı kimi özünü göstərməkdədir. Cənab Prezident İlham Əliyevin bir neçə gün əvvəl Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı bunu bir daha təsdiq etdi.

2006-cı ildə yaradılan və 9 üzvü olan BRICS hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. Eyni zamanda BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzi kimi özünü çıxış edir. Təşkilata üzv olan dövlətlər beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Habelə BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir, beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə çalışır.

Göründüyü kimi təşkilatın qarşıya qoyduğu məqsədlər, xidmət etdiyi məramlar Azərbaycanın milli maraqlarına, xarici siyasətinin prinsiplərinə, təşviq etdiyi sülh və təhlükəsizlik dəyərləri ilə üst-üstə düşür. Eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinə tərəfdar olması, BRICS-in isə çoxtərəfli siyasi kursları əlaqələndirməsi göstərir ki, ölkəmizlə bu təşkilat arasında əməkdaşlıq baxımından ortaq siyasi mövqe və yanaşma var.

Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatıldılar. 22 dövlət başçısının arasında Azərbaycan Prezidentinin də olması bir daha ölkəmizə və cənab Prezident İlham Əliyevə olan beynəlxalq ehtiramdan xəbər verdi.

Prezident İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında bir sıra vacib məsələlərə toxundu, o cümlədən öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirdi. Dövlət başçısının qeyd etdiyi kimi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycan ərazilərindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Xüsusilə qeyd etməliyik ki, respublikamızda müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycandan keçən nəqliyyat marşrutlarını daha da cəlbedici edir. Orta Dəhlizə artan maraq və bu marşrutla daşınan yüklərin ildən ilə artması bunu sübuta yetirir.

Azərbaycanın müasir, əlçatan və çevik nəqliyyat-logistik imkanlarına sahib olması ölkəmizin BRICS-lə əməkdaşlığının inkişafında və bu təşkilata üzv qəbul edilməsində mühüm perspektivlər formalaşdırır. Ən azından ona görə ki, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi və şaxələndirilməsi dünyanın ikinci iqtisadi gücü olan Çinin, habelə Rusiyanın maraq dairəsindədir. Azərbaycan Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən 2013-cü ildə irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub. Rəsmi Pekin respublikamızın Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı təşəbbüslərini və bu müstəvidə həyata keçirdiyi tədbirləri hər zaman təqdir edir. Rusiya ilə Azərbaycan arasında isə Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük imkanlarının artırılması sahəsində uzun illərdir çoxtərəfli əməkdaşlıq mövcuddur. Bu baxımdan Rusiya və Çinlə nəqliyyat və logistika sahəsindəki səmərəli əməkdaşlıq həm də Azərbaycan-BRICS əlaqələrinin dərinləşdirilməsini stimullaşdırır.

Respublikamızın bu dövlətlərlə iqtisadi-ticari əlaqələrinin səviyyəsi də Azərbaycan-BRICS əlaqələrinin inkişafı, gələcəkdə ölkəmizin bu təşkilata üzv olması baxımından mühüm əhəmiyyət kəsb edir. 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 3,1 milyard ABŞ dollarını ötüb. Habelə Rusiya ilə ötən il ticarət dövriyyəsi 4,5 milyard ABŞ dollarına yüksəlib. 2024-cü ilin yanvar-iyul ayları ərzində isə Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837 milyon 895 min dollar təşkil edib ki, bu da respublikamızın ümumi xarici iqitsadi- ticarət dövriyyəsinin 21,7 faizinə bərabərdir. Əlbəttə ki, 2024-cü ilin sonuna bu göstərici daha böyük rəqəmlə ifadə olunacaq.

Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxtərəfli siyasət nəticəsində Azərbaycan-BRICS əməkdaşlığının güclənməsi və gələcəkdə respublikamızın bu təşkilata üzv qəbul edilməsi ölkəmizə həm siyasi, həm də iqtisadi müstəvidə yeni dividendlər vəd edir. Belə ki, bu təşkilata üzvlük qlobal siyasi arenada Azərbaycanın nüfuzunu daha da yüksəldəcək. İqtisadi baxımdan isə BRICS-də təmsil olunmaq Azərbaycan üçün xarici ticarət dövriyyəsinin və ixrac imkanlarının artması, ölkəmizdən keçən nəqliyyat marşrutlarından daha səmərəli və geniş istifadə olunması, respublikamızın qlobal layihələrdə daha fəal iştirakı və iqtisadiyyatımıza yeni xarici sərmayələrin yatırılması deməkdir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti