Bakı. Trend:
Bakının ev sahibliyi edəcəyi COP29 konfransı çox böyük əhəmiyyətə malikdir. Bütün dünyanın diqqəti burada olacaq.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin "Anadolu Agentliyi"nin ətraf mühit üzrə xəbərlər müdiri Hale Aydoğmuş deyib.
"Biz bu periodu yaxşı dəyərləndirməliyik. İqlimlə bağlı xəbər hazırlayacaq olan jurnalistlər burada deyilənləri, verilən qərarları çox düzgün bir şəkildə dünyaya çatdırmalıdır. Bu sahədə jurnalist olmaq üçün xüsusi bir ixtisaslaşma lazımdır. İqlimlə bağlı terminləri bilməli, COP konfransları haqqında məlumatlı olmalıdırlar.
Bu səbəbdən təlimlər mühüm əhəmiyyət kəsb edir. İqlimlə bağlı araşdırmalar aparmalıdırlar. Bu gün mən də təlimçilərlə öz təcrübələrimi bölüşəcəyəm. Hər yanlış yazılan bir termin jurnalistin və işlədiyi qurumun nüfuzunu və etibarlılığını aşağı salır", – deyə o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.