Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.
Trend xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycan və Albaniya prezidentlərinin qarşılıqlı səfərlərinin və Albaniyanın Baş nazirinin ölkəmizə səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirdi. Azərbaycan Prezidenti Albaniyanın Baş nazirinin bir neçə gündən sonra COP29-da iştirak edəcəyini də vurğulayaraq, bütün bunların ölkələrimiz arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini dedi. Ölkələrimizin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirdi.
Səfir Albaniyanın Baş naziri Edi Ramanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Albaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Besart Kadia Azərbaycanda səfir kimi fəaliyyətə başlamaqdan məmnunluğunu bildirərək, ölkələrimiz və xalqlarımız arasında dostluğun və mədəni əlaqələrin önəminə toxundu.
Diplomat Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etdi.
COP29 tədbirinin əhəmiyyətini vurğulayan səfir bu cür genişmiqyaslı tədbirlə bağlı Azərbaycanda həyata keçirilən hazırlıq işlərinin dərin təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı iqtisadi əməkdaşlığımızın enerji, nəqliyyat, ticarət, turizm və digər sahələri əhatə etməsindən məmnunluq ifadə olundu, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlıq bildirildi.