...

İKZF-nin zəmanəti ilə sahibkarlara verilən kreditlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 31 Oktyabr 2024 16:16 (UTC +04:00)
İKZF-nin zəmanəti ilə sahibkarlara verilən kreditlərin həcmi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu (Fond) bu gün Bakı KOB Evində iqtisadçı-ekspertlərlə görüş keçirib.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov təqdimatla çıxış edib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb.

İndiyədək müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə sahibkarlara 511 mln. manata yaxın kredit verilib ki, bunun da 80 mln. manata yaxını cari ilin yanvar-oktyabr aylarının payına düşür.

Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 nömrəli Fərmanı ilə Fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Cari ildən etibarən daha iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verəcək.

Görüşdə ekspertlərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Sonda tədbir iştirakçıları Fondun Bakı KOB Evində fəaliyyət göstərən xidmət pəncərəsinin fəaliyyəti ilə və Bakı KOB evində sahibkarlara təqdim olunan xidmətlərlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti