Bakı. Trend:
Almaniya İranın Hamburq, Frankfurt və Münxen şəhərlərindəki baş konsulluqlarını bağlayıb
Rəsmi Berlin, İran-Almaniya vətəndaşı olan 69 yaşlı Cəmşid Şarmehdin edamına etiraz əlaməti olaraq İranın Hamburq, Frankfurt və Münxen baş konsulluqlarını bağlama qərarı verib.
Trend-in "Deutsche Welle"yə istinadla verdiyi məlumata görə, bu baş konsulluqlarda çalışan 32 nəfərin Almaniyada qalma icazəsi ləğv edilib. Lakin İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok, bir alman vətəndaşının edamının ciddi nəticələri olacağı barədə rəsmi Tehrana dəfələrlə xəbərdarlıq etdiklərini bildirib. Nazir həmçinin İranda "əsassız yerə saxlanılan" digər alman vətəndaşlarının da vətənə qaytarılması üçün işlərin davam etdiyini vurğulayıb və Avropa İttifaqını İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı çağırış edib.
Qeyd edək ki, edam barədə məlumat yayıldıqdan sonra Almaniya Kansleri Olaf Şolts da edamı sərt şəkildə qınamış və etiraz əlaməti olaraq Almaniyanın İrandakı səfiri Markus Potseli Berlinə geri çağırmışdı.
Xatırladaq ki, Cəmşid Şarmehd 2008-ci ildə İranın Şiraz şəhərində baş verən və 14 nəfərin ölümü ilə nəticələnən terror aktında təqsirli bilinərək fevral ayında edama məhkum edilmişdi. Hökm 28 oktyabr tarixində icra edilib.
İran rəsmiləri 2020-ci ilin avqustunda mürəkkəb əməliyyatlar nəticəsində Şarmehdin xaricdə yaxalanaraq ölkəyə gətirildiyini bildirmişdi. Şarmehdin ailəsi isə onun Dubayda tranzit uçuş zamanı İran xüsusi xidmət orqanları tərəfindən qaçırıldığını iddia edir.