Bakı. Trend:
Afinada İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı baş verən qarşıdurmada 12 polis və 2 yanğınsöndürən yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (ANA-MPA) xəbər verib.
Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, yanğınsöndürənlər isə asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar.
xxx
01:25
Yunan polisi, İqlim Böhranının İdarə Edilməsi və Mülki Müdafiə Nazirliyinin qarşısında etiraz edən mövsümi yanğınsöndürənlərin mitinqini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Trend-in məlumatına görə, Afina Makedoniya Xəbər Agentliyi bu barədə xəbər verib.
Yaz-payız yanğın təhlükəsi dövrü üçün mövsümi müqavilə ilə işə götürülən yanğınsöndürənlər, nazirliyin yaxınlığında 12 ay müddətinə müddətli əmək müqaviləsi bağlanması tələbi ilə aksiya keçiriblər. Axşam saatlarında nazirliyin binasına daxil olan yanğınsöndürənlər, binanın simvolik zəbtini həyata keçirib. Bu vəziyyətə reaksiya olaraq polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Yanğınsöndürənlər də polisə müxtəlif əşyalar atıblar. Polis, həmin yerdə prospekt boyu hər iki istiqamətdə nəqliyyatın hərəkətini kəsib.
Yanğınsöndürənlər yayımladıqları bəyanatda, 4000 boş iş yerinin olduğu bir ştatda daimi işə götürülmələrini tələb ediblər. Onlar, yanğın mövsümündə işlərinin bitmədiyini bildirərək, “Bu, il boyu fasiləsiz intensivliklə davam edir. Bu işi mövsümi işə götürənlərin köməyi ilə etmək olmaz, yalnız daimi təlim keçmiş kadrlarla həyata keçirmək olar”, - deyə vurğulayıblar.