Bakı. Trend:
Qlobal emissiyaların statistikasına baxsaq, Azərbaycan emissiyalarda cəmi 0,13% paya malik olmasına baxmayaraq, kifayət qədər iddialı iqlim hədəflərinə nail olmaq üçün siyasətlər həyata keçirir.
Trend-in məlumatına görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
O bildirib ki, Azərbaycanın inkişaf gündəliyində iqtisadi-sosial və digər məsələlərlə yanaşı, ətraf mühit məsələlərinin həyata keçirilməsi üzrə siyasi fəaliyyətlərin tətbiqi də xüsusi əhəmiyyətə malikdir: “Təbii ki, biz Azərbaycanda mövcud olan strateji sənədlərə baxsaq, cənab Prezident tərəfindən qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və məhz 5-ci milli prioritetin yaşıl artım ölkəsinə çevrilməsinə hədəflənməsi, eyni zamanda “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın xüsusi bölmələrini məhz ətraf mühit hədəflərinə nail olunması istiqamətində həyata keçirilən tədbirlərə töhvə verməsi bir daha sübut edir ki, bizim inkişaf gündəliyimizdə iqtisadi-sosial və digər məsələlərlə yanaşı, ətraf mühit məsələlərinin həyata keçirilməsi üzrə siyasi fəaliyyətlərin tətbiqi də xüsusi əhəmiyyətə malikdir”.
Artıq COP29-un baş tutmasına sayılı günlərin qaldığını xatırladan nazirlik rəsmisi bildirib ki, bugünkü diqaloda COP29 prezidentliyi tərəfindən irəli sürülən 14 təşəbbüs ətrafında müzakirələr aparılıb: “Burada iqlim maliyyəsinin əlçatanlığının artırılması, xüsusilə iqlim konteksində insan kapitalına investisiyaların artırılması, ticarətin, invstisiyanın və iqlimin bir araya gətirilməklə təşəbbüs şəklində icrası müzakirə olundu. Həmçinin üzv dövlətlərin bu təşəbbüsdə aktiv iştirakına təşviq olunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı”.
“Sayca 5-ci olan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunu Birləşmiş Millətlər Təşkilatının (BMT) rezident əlaqələndiricisinin ofisi və İqtisadiyyat Nazirliyi olaraq həyata keçirdik. 2022-ci ildə birinci DİM dialoqları təşəbbüsü baş tutdu. Bu dialoq təşəbbüsündə biz “yaşıl transformasiya” və “yaşıl alətlər”dən istifadə etməklə əlavə iqtisadi artım mənbələrinə yönlənmək istiqamətində müzakirələr apardıq. Hökumət qurumlarının, eyni zamanda BMT agentliklərinin bu platformaya marağı nəticəsində artıq növbəti mərhələlərdə dayanıqlı inkişaf məqsədləri çərçivəsində qarşıya çıxan çətinliklərin müzakirəsi üçün bir produktiv müzakirə platformasına çevrilib. Bu gün 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqu BMT gününə təsadüf edib. Bugünkü müzakirəmiz qlobal emissiyaların azaldılmasında qəbul olunmuş qaydaların müzakirələridir”, - deyə H. Hüseynov əlavə edib.