...

Azərbaycanda rəqəmsallaşma göstəriciləri yüksəlişdədir - "Mastercard" (MÜSAHİBƏ)

Telekommunikasiya Materials 31 Oktyabr 2024 09:52 (UTC +04:00)
Azərbaycanda rəqəmsallaşma göstəriciləri yüksəlişdədir - "Mastercard" (MÜSAHİBƏ)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Mastercard" 2025-ci ilin ortalarına qədər NFC əməliyyatlarının ümumi daxili satınalma ödənişlərindəki payını 40 faizdən daha yüksəyə çatdırmağı planlaşdırır.

Bunu Trend-ə “Mastercard”ın Azərbaycandakı regional meneceri Emil Zeynalov bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin sonuna yaxınlaşdığımız və 2025-ci ilə hazırlaşdığımız bir vaxtda “Mastercard Azərbaycan” bazarda rəqəmsal mövcudluğunu daha da möhkəmləndirməyə köklənib.

“2025-ci ilin ortalarına qədər NFC əməliyyatlarının ümumi daxili satınalma ödənişlərindəki payını 40 faizdən daha yüksəyə çatdırmaq məqsədimizə sadiq qalaraq, təmassız ödənişlərin davamlı artımını gözləyirik.

Bundan əlavə, konsaltinq komandamız rəqəmsal innovasiyaların inkişafında və Azərbaycanda nağdsız iqtisadiyyatın dəstəklənməsində həlledici rol oynayacaq. Bu təşəbbüs regionda daha bütövləşmiş, səmərəli və inklüziv maliyyə sistemini genişləndirmək üçün daha geniş strategiyamıza uyğun gəlir”, - E.Zeynalov deyib.

Onun sözlərinə görə, “Mastercard” bu yaxınlarda ofisinin sahəsini böyüdüb, bununla da inkişafını və Azərbaycan bazarına bağlılığını göstərib.

“Hazırda müştərilərin cəlb edilməsini və rəqəmsal innovasiyanı gücləndirməyə yönəlmiş yeni kampaniyalarımızı dəstəkləmək üçün yerli məsləhətçi qrupun yaradılması ilə məşğuluq. Bu səylər istifadəçilərimiz üçün səmərəli təcrübələr yaratmaq və Azərbaycanda daha inklüziv maliyyə ekosisteminə töhfə vermək üçün ümumi strategiyamızla uzlaşır”, - E.Zeynalov əlavə edib.

O qeyd edib ki, “Mastercard” Azərbaycanda rəqəmsal ödəniş təcrübəsini inkişaf etdirmək üçün bir neçə innovativ məhsul təqdim edib.

“Məsələn, həm istehlakçılar, həm də bizneslərə sürətli dəstək və fərdiləşdirilmiş maliyyə məsləhətləri təklif edən yeni çatbot həlli. Bundan əlavə, Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi ilə strateji əməkdaşlıq müqaviləsi imzalamışıq, nəticədə kart sahiblərimizə eksklüziv üstünlüklər təqdim edirik.

"Qiymətsiz" (Priceless) təcrübələrimizə gəldikdə, biz Qiymətsiz Özəlliklər (Priceless Specials) şəbəkəmizi aktiv şəkildə genişləndiririk. Buraya eksklüziv nahar tədbirləri, fərdiləşdirilmiş səyahət paketləri, həmçinin, mədəni və əyləncə fəaliyyətlərinə xüsusi giriş kimi unikal təcrübələrin təklifi daxildir.

Gələcək planlarımızda azərbaycanlı kart sahiblərinə gündəlik həyatlarına dəyər qatan eksklüziv imkanlardan istifadə etməyə imkan verən bu unikal təcrübələrdən daha çoxunu təqdim etməyi nəzərdə tuturuq”, - E.Zeynalov deyib.

Regional menecer qeyd edib ki, “Mastercard Azərbaycan” 2024-2025-ci illərdə əməkdaşlıq şəbəkəsini genişləndirməyə davam edəcək.

“Mövcud tərəfdaşlıqların davamı kimi Mastercard Azərbaycan 2024-2025-ci illərdə əməkdaşlıq şəbəkəsini genişləndirmək istiqamətində yeni addımlar atacaq. İnnovativ həllərimizi yerli bazara daha dərindən inteqrasiya etmək üçün əsas maraqlı tərəflərlə, o cümlədən, Azərbaycan Mərkəzi Bankı (AMB), yerli banklar və fintex şirkətləri ilə fəal işləyirik.

Strategiyamızın əsas hissəsi, xüsusilə Azərbaycandakı kart sahiblərinə xidmət edən özəl tərəfdaşlıq və üstünlükləri inkişaf etdirməklə, müştərilərimiz üçün “Qiymətsiz” təcrübəni inkişaf etdirməkdir. Buraya müştərilərimizin maraqlarına və ehtiyaclarına uyğun gələn özəl tədbirlər, xüsusi təkliflər və təkmilləşdirilmiş xidmətlər kimi daha unikal, yerli bazara uyğun təcrübələrin təklif edilməsi daxildir”, - o vurğulayıb.

Onun sözlərinə görə, “Mastercard”ın əsas məqsədi Azərbaycanda təmassız ödənişlərin payını artırmaqdır.

“Əsas məqsədimiz Azərbaycanda təmassız ödənişlərin payını artırmaqdır. Ölkədə rəqəmsallaşma göstəriciləri yüksəlişdədir və hazırda 35 faizə çatır ki, bu da nağd pulun üstünlük təşkil etməsinə baxmayaraq, ondan istifadə durmadan azaldığını göstərir. Nağdsız ödənişləri təşviq etmək, istehlakçı davranışında bu dəyişikliyi idarə etmək məqsədilə zəruri infrastrukturu və məlumatlılığı artırmaq üçün müxtəlif maraqlı tərəflərlə sıx əməkdaşlıq edirik”, - o yekunlaşdırıb.

Qeyd edək ki, "Mastercard" kredit, debet və öncədən ödənişli kartlar daxil olmaqla, maliyyə xidmətləri göstərən beynəlxalq ödəniş sistemidir. O, kart sahiblərinə dünya üzrə milyonlarla satış nöqtələrində nağdsız ödənişlər etmək imkanı verir. "Mastercard", həmçinin, banklara, ticarət qurumlarına və digər maliyyə institutlarına texnoloji həllər təqdim edir. "Mastercard" kartları bir çox ölkələrdə qəbul edilir və geniş çeşiddə əməliyyatlar, o cümlədən, mağazadaxili alış-verişlər, onlayn əməliyyatlar, bankomatlardan nağd pul çıxarılması və digər maliyyə əməliyyatları üçün istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti