...

Bakıda iqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərlə bağlı tədbir keçirilib (ƏLAVƏ EDİLİB) (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2024 10:09 (UTC +04:00)
Bakıda iqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərlə bağlı tədbir keçirilib (ƏLAVƏ EDİLİB) (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

ADA universitetində “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib.

Trend-in məlumatına görə, dialoq İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ADA universitetinin Prorektoru, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fariz İsmayılzadə çıxış ediblər.

Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib:

"Biz vəd etmişdik ki, 2050-ci ilə qədər emissiyaları 40% azaldacağıq. Lakin qeyd edə bilərik ki, 2035-ci ilə qədər emissiyalarımız 40% azalacaq".

O bildirib ki, 1990-cı illə müqayisədə 2030-cu ilə qədər emissiyalarımız 35% azalacaq. E.Soltanov vurğulayıb ki, hər bir iqlim fəaliyyəti əvvəlki qərarlardan irəli gələrək tərəqqini əks etdirməlidir:

"Ona görə də biz vəd etmişdik ki, 2050-ci ilə qədər emissiyaları 40% azaldacağıq. Lakin biz qeyd edə bilərik ki, 2035-ci ilə qədər emissiyalarımız 40% azalacaq. Biz emissiyaların 40% azalmasını 2050-ci ilə qədər nəzərdə tutmuşduqsa, indi bunu 2035-ci ilə qədər nəzərdə tuturuq".

E.Soltanov söyləyib ki. əvvəl istinad, baza ilimiz 1990-cı il idi, indi isə 2022-ci ili baza ili kimi götürmüşük:

"Bu da imkan verir ki, biz mövcud vəziyyəti daha dərindən başa düşək və hesabatlarımız daha keyfiyyətli olsun. Hesablamalarımıza görə, 2022-ci ildə bizim emissiyalarımız 61 milyon ton karbon dioksidə bərabər olub. Bu, qlobal səviyyədə 1 faizdir. Azərbaycanda adambaşına düşən emissiyaların miqdarı dünya, Avropa orta göstəricisindən aşağıdır. 1990-cı illə müqayisədə artıq emissiyalarımız xeyli azalmasına müvəffəq olmuşuq".

"İndi enerji sektrorunu əlavə 4 altsektora bölmüşük və artıq 7 sektoru əhatə edirik. Qlobal səviyyədə qərarların verilməsi də onu diktə edir ki, iqtisadiyyatın bütün sektorlarını əhatə etməliyik. İnvestisiyalar baxımından ən böyük sektor 24% paya malik elektrik enerjisinin istehsalı sektorudur.

İkincisi evlər, binalar, infrastrukturdur. Onların payı ölkə üzrə ikinci yerdədir. Üçüncüsü isə neft və qaz sektorudur. Neft və qaz sektoru mütləq rəqəmlərlə baxsaq, təxminən 16% emissiyalara cavabdehdir. Dördüncüsü 15%-lə nəqliyyat sektorudur. Növbəti pillədə 14% göstərici ilə sənaye, 8%-lə tullantı,7%- göstərici ilə isə kənd təsərrüfatı sektoru qərarlaşır. Kənd təsərrüfatında biz xalis rəqəmləri götürürük. Burada meşə zolaqları və örtüyünü və s. nəzərə alırıq", - deyə E.Soltanov bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva qeyd edib:

"Vacib şərt odur ki, biz ambisiyaları gücləndirək və fəaliyyətə imkan verək. Biz COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin daha da artmasını istəyirik".

O, bir neçə həftə əvvəl dünya ölkələrinin Nyu-Yorkda toplaşaraq gələcək üçün paktı, qlobal rəqəmsal sazişi və gələcək nəsillər haqqında bəyannaməni qəbul etdiyini xatırladıb və bildirib ki, bu 3 saziş, sənəd imkan verəcək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bugünkü çağırışlara uyğunlaşsın və hamı üçün həllər təqdim etməkdə daha da güclü olsun:

"Lakin bir daha bildirim ki, əsas işimiz BMT nizamnaməsinə və beynəlxalq hüququn dəyər və prinsiplərinə əsaslanmaqdır. Ardıcıllıq çox vacibdir və çox vacib şərt odur ki, biz ambisiyaları gücləndirək və fəaliyyətə imkan verək.

Biz COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin daha da artmasını istəyirik. Tədbir çərçivəsində qlobal orta temperatur artımını 1.5 dərəcədən aşağı saxlamaq üçün dünyanın kollektiv şəkildə düzgün istiqamətdə addımlayıb-addımlamadığını müəyyən ediləcək. Tədbirə ev sahibliyi edən kimi Azərbaycan töhfələrini COP29-dan əvvəl təqdim edəcək. Lakin bilirik ki, iddialar özü-özlüyündə kifayət deyil. Biz icra prosesini genişləndirməliyik və iqlim maliyyələsini artırmalıyıq.

Sözsüz ki,iqlim maliyyəsi yeni kollektiv kəmiyyət məqsədi, inkişaf etməkdə olan ölkələrin təsirinin azaldılması, adaptasiya məsələləri daxil olmaqla COP29 gündəliyində əsas mövzuya çevriləcək. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün adaptasiya və mitiqasiya baxımından çox mühüm vəsaitdir".

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib:

"Biz qarşımıza ədalətli və kollektiv məqsəd qoymuşuq. Eyni zamanda, Bakıda COP29 çərçivəsində 60-a yaxın bəyanatın, qərarların verilməsini gözləyirik".

O bildirib ki, Azərbaycan üçün çox mötəbər bir tarixdən bizi bir neçə gün ayırır və COP29-un ölkəmizdə keçirilməsindən məmnunuq:

"Qarşımızda çox iddialı bir gündəlik var. Bizim vaxtımız daha az idi. Lakin götürülən öhdəliyə ən yüksək səviyyədə siyasi dəstək nəticəsində biz müvafiq potensialı inkişaf etdirmişik. BMT üzvləri arasında uğurlu bir prosesin qurulmasına müvəffəq olmuşuq.

Biz çox yaxında bunun şahidi olacağıq. Sözsüz ki, dayanıqlı inkişaf məqsədləri və iqlim fəaliyyəti bir-biri ilə əlaqədardır. Burada söhbət yalnız 13-cü məqsəddən getmir. İstənilən məqsəd bu və yaxud da digər mənada iqlimlə bağlıdır.

Biz də çalışdıq ki, bunu COP29-a danışıqlar çərçivəsinə daxil edək. Biz qarşımıza ədalətli və kollektiv məqsəd qoymuşuq. Eyni zamanda, Bakıda 60-a yaxın bəyanatın, qərarların verilməsini gözləyirik. Bununla yanaşı, ev sahibi olaraq prezidentliyin də öz təşəbbüsləri var və bunlar danışıqlar gündəliyini tamamlayır, həmçinin, qlobal səviyyədə iqlim fəaliyyətinin bir tərkibidir. Bu təşəbbüslərin bir qismi, həmçinin, dayanıqlı inkişaf məqsədləri və onların icrası ilə bağlıdır".

Xəbər lenti

Xəbər lenti