Bakı. Trend:
Almaniyanın Bavariya məhkəməsi yanvar ayında şəhər parkında insanlara bıçaqla hücum edən əfqan miqrantı anlaqsız elan edərək, onun psixiatrik xəstəxanaya yerləşdirilməsi barədə qərar çıxarıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, məhkəmə-psixiatrik ekspertizanın rəyinə görə, kişi paranoid şizofreniyadan əziyyət çəkir və törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Xatırladaq ki, 22 yanvar tarixində Aşeffenburq (Bavariya) şəhərində 28 yaşlı əfqanıstanlı şəxs parkda keçənlərə bıçaqla hücum edib. Hadisə zamanı 41 yaşlı kişi və 2 yaşlı uşaq həlak olub, üç nəfər isə yaralanıb.
Hücum edən şəxs 2022-ci ilin noyabrında Almaniyaya gəlib, lakin sığınacaq ala bilməyib və onu deportasiya gözləyirdi.
