Bakı.Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti rektor, professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Çinin nüfuzlu Shanghai Jiao Tong Universitetində (SJTU) səfərdə olub.
Səfər çərçivəsində AzMİU nümayəndə heyəti SJTU rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Universitetin Vitse-prezidenti LIU Weidong ilə baş tutan görüşdə iki universitet arasında akademik əməkdaşlığın genişləndirilməsi, birgə tədris proqramlarının inkişafı və qarşılıqlı elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Bundan əlavə, nümayəndə heyəti digər fakültə və şöbə rəhbərləri ilə də görüşlər keçirib.
Görüşlərdə AzMİU və SJTU arasında akademik əməkdaşlıq, tədris proqramlarının qarşılıqlı inkişafı, elmi-tədqiqat sahələrində təcrübə mübadiləsi və tələbə mübadiləsi imkanları müzakirə olunub. Eyni zamanda Çin təhsil sisteminin qabaqcıl təcrübələri, innovativ tədris metodları və laboratoriya infrastrukturu barədə geniş məlumatlar əldə edilib.
SJTU-nun Dizayn Məktəbində keçirilən görüş zamanı bu sahədə qabaqcıl tədris metodikası, gənc mütəxəssislərin praktiki hazırlığını təmin edən kurs layihələrinin ardıcıl həyata keçirilməsi və digər məsələlər müzakirə olunub. Hər iki universitetin Dizayn fakültələri arasında tələbə mübadiləsi imkanları və ikili diplom proqramı ilə bağlı ilkin müzakirələr aparılıb.
Qeyd edək ki, AzMİU-nun nümayəndə heyəti SJTU-nun dəvəti ilə Çində keçirilən “Mathematics and AI” beynəlxalq elmi konfransında da iştirak edib.