...

Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb (FOTO)

Gündəm Materials 30 Oktyabr 2025 17:07 (UTC +04:00)
Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 30-da Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaguş ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafı üçün güclü zəmin yaratdığı xüsusi vurğulanıb.

R.Məmmədov Safi Arpaguşu Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edərək, iki qardaş ölkə arasında dini sahədə əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, adət-ənənələrimizin qorunmasına və dünyada təbliğinə mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət nəticəsində ölkəmizdə insanların etiqad azadlığı etibarlı şəkildə təmin olunur. R.Məmmədov qeyd edib ki, dini konfessiyalar arasında qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Dünyəvi dövlət prinsiplərinə sadiq olan Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus və uğurlu modeli formalaşıb. O, bu modelin dini icmaların fəaliyyətinə dövlət dəstəyinin təmin edilməsi, dini maarifçilik və təhsil sahəsində kompleks tədbirlərin, həmçinin müasir çağırışlara uyğun təşəbbüslərin səmərəli icrasında əhəmiyyətli rol oynadığını bildirib.

Safi Arpaguş Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaratdığını qeyd edib. O, dini təhsil, maarifləndirmə və kadr hazırlığı sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə multikulturalizm, tolerantlıq sahələrində layihələrin həyata keçirilməsi, dini radikalizm və ekstremizmə qarşı mübarizədə birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyə Diyanət Akademiyası arasında elmi-tədris əməkdaşlığının təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti