Bakı. Trend:
COP29-dan Azərbaycanın müsbət imicinin formalaşdırılması üçün istifadə etmək vacibdir.
Trend xəbər verir ki, bu barədə “Economyfirst Limited London” şirkətinin siyasi analitiki və kommunikasiya strategiyası üzrə mütəxəssisi Klaus Yurqens (Klaus Jurgens) COP29 ərəfəsində ADA Universitetində jurnalistlər üçün təşkil olunmuş təlim zamanı bildirib.
"Mən hesab edirəm ki, jurnalistlər üçün belə tədbirlər öncəsi təlim seminarlarının keçirilməsi əla təşəbbüsdür. Bildiyimə görə, bu, artıq təşkil olunan üçüncü təlimdir və burada olmaqdan çox məmnunam. Biz hamımız bir-birimizdən öyrənirik. COP29 Azərbaycan üçün mühüm hadisədir və bu, həm milli, həm də beynəlxalq mətbuatda işıqlandırılmalıdır", - o bildirib.
Onun sözlərinə görə, COP29-dan Azərbaycanın müsbət imicinin formalaşdırılması üçün istifadə etmək, eyni zamanda, dünyaya iqlim dəyişikliyi mövzusunun nə qədər əhəmiyyətli olduğunu çatdırmaq vacibdir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.