Bakı. Trend:
“GSMA M360 Eurasia 2024” konfransının ikinci günü keçirilir.
Trend xəbər verir ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və Yaşıl Texnologiyalar Departamentinin rəhbəri Rəna Hümbətova qeyd edib ki, 2050-ci ilə qədər emissiyaların 40 faizə qədər endirilməsi əsas hədəflərdəndir.
Azad edilən ərazilərdə sıfır emissiya zonası tərtib edilməsi düşünülür.
“Bərpaolunan enerji gücünü və enerji səmərəliliyini 2030-cu ilə qədər iki dəfə artırmağı hədəf götürdük. Azad edilən ərazilərdə kiçik su elektrik stansiyalarının yaradılması səmərəlidir. Növbəti illərdə də bu kimi stansiyalar istifadəyə veriləcək.
Bununla yanaşı, digər islahatlar da həyata keçiririk. Ölkənin bərpaolunan enerji atlasının hazırlanması nəzərdə tutulur. Biz bu istiqamətdə çox böyük addımlar atmışıq. Artıq informasiya sistemi tərtib olunur. 2026-ci ilə qədər informasiya sistemi istifadəyə tam yararlı olacaq”, - deyə o bildirib.
“McKinsey & Company”nin Mərkəzi Asiyadakı telekommunikasiya təcrübəsi rəhbəri Alima Zimanova isə bildirib ki, telekommunikasiya şirkətləri ən çox emissiya buraxan şirkətlərdir. Araşdırmaya görə, müştərilər yaşıl sertifikatlara 30 faiz artıq ödəniş etməyə hazırdır.
“Operator qrupları emissiyaların azaldılması üzrə öhdəlik götürüblər. Onların əksəriyyəti 2030-cu ili özlərinə hədəf seçib. Bəzi operatorlar bu mövzuda digərlərindən daha uğurludur. 80-90 faiz emissiyalar geri qaytarılandır. Lakin emissiyaları azaltmaq daha səmərəli ola bilər. Aktiv infrastrukturdan istifadə enerjiyə ən çox qənaət edə biləcəyimiz sahədir. Avropada bu işləri həyata keçirmək daha asandır.
Biz yalnız özümüz üçün yox, gələcək nəsillər üçün yaşıl enerjidən istifadə etməliyik”,- deyə o bildirib.
Huawei Rəqəmsal Sənaye Mükəmməllik Mərkəzinin rəhbəri Safder Nazir isə əlavə edib ki, bərpaolunan enerji ilə təmin edilən məlumat mərkəzləri səmərəli ola bilər. Sənayelər üçün öhdəliklərini başa düşmək çətin olur.
“Şirkətlər öz kampuslarını sıfır emissiyaya endirməlidir. Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsini azaldacaq. Biz texnologiya ilə hər bir alətin nə qədər enerji istifadə etdiyini və süni intellektlə bunu azaltmağın yolunu tapmağa nail olmuşuq.
Hökumətlər biznes şirkətlərini bu işə təşviq etməlidir”,- deyə o bildirib.
“Azercosmos”un sədr müavini Fuad Aslanov isə qeyd edib ki, hazırda “Azercosmos” iki telekommunikasiya peykini idarə edir. Agentlik hazırda 50 ölkədə xidmət göstərir.
“Peyk-kommunikasiya bazarı hazırda 20 milyard dollar dəyərindədir. 2032-ci ildə bunun 123 milyard dollara çatacağı düşünülür.
İnsanlar baş verəcək fövqəladə halları öncədən təxmin edə bilməz. Bu səbəbdən fövqəladə xəbərdarlıq kommunikasiya sisteminin yaradılmasına ehtiyac var. Biz son 2 ildə bu istiqamətdə müəyyən işlər gördük və bəzi uğurlu sınaqlar həyata keçirdik”, - deyə o bildirib.
"Aztelekom" MMC-nin baş direktoru Tural Pirverdiyev isə bildirib ki, "Aztelekom" ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 25 meqabit/saniyə sürətlə təmin etməyi planlaşdırır.
"Onlayn Azərbaycan" layihəsi mövcud ADSL (Asymmetric Digital Subscriber Line) texnologiyasını GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə əvəz etməyə yönəlib ki, bu da saniyədə 1 qiqabatadək sürətlə yüksəksürətli interneti təmin edəcək. Təşəbbüsün məqsədlərinə perspektivli və ekoloji cəhətdən təmiz infrastrukturun yaradılması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin artırılması daxildir", - deyə o bildirib.
T.Pirverdiyev "Aztelekom"un Azərbaycanda telekommunikasiya sahəsində aparıcı provayder olduğunu qeyd edib.
"Bütün fəaliyyətimiz müddətində müştərilərimizin dəyişən ehtiyaclarını ödəmək üçün təklif etdiyimiz xidmətlərin, o cümlədən yüksək sürətli internet, telefon rabitəsi, televiziya və bir çox digər xidmətlərin siyahısını genişləndirmişik", - deyə o əlavə edib.
Qeyd edək ki, bu il “GSMA M360 Eurasia 2024” konfransına Microsoft, Google, Amazon Web Services, World Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılıblar.