Bakı. Trend:
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sahibkarlara çağırış edib.
Trend xəbər verir ki, mərkəzin direktoru professor Sevinc Əliyeva qeyd edib ki, sözügedən sahibkarlar Qarabağ və Şərqi Zəngəzurdakı müəssisə və obyektləri adlandırarkən Azərbaycan dilinin qaydalarına riayət etsinlər.
"Çünki biz hazırda hesabatını verdiyimiz monitorinqdə də görürük ki, sahibkarlar Azərbaycan dili ilə bağlı kifayət qədər xətalara, pozuntulara yola verirlər".
O vurğulayıb ki, ad seçilmə prosesində Azərbaycan, türk mənşəli adların seçilməsi arzuolunandır və bu da təəssübkeşlikdən irəli gələn məsələdir.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Reklamların dili monitorinq aynasında” adlı tədbir keçirilib. Tədbir Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Bakı şəhərindəki açıq məkankarda reklamlarla bağlı monitorinqinə həsr olunub.
Monitorinq mağaza, dükan, ictimai-iaşə obyektləri, idman, sağlamlıq, tədris, estetik və gözəllik mərkəzləri, istirahət və əyləncə məkanları, klinika və tibb məntəqələrinin adlarında, onlara məxsus lövhələrdə (reklam, məlumat, menyu və s.), eləcə də sosial xarakterli mətnlərdə aparılıb.
Ümumilikdə 510 reklam mətnində 2300 norma pozuntusu aşkar edilib. Onlardan 2028-i barədə, - 918 orfoqrafik, 707 leksik, 157 qrammatik norma pozuntusu, 246 üslub və ifadə səhvi olub.