Bakı. Trend:
Su ehtiyatlarının çatışmazlığı səbəbindən rəqabətin artması ölkələr arasında fikir ayrılıqlarının mənbəyi ola bilər.
Trend xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti Aynur Seyidyusif ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində deyib.
Onun sözlərinə görə, su qıtlığı məişət istehlakı, kənd təsərrüfatı və sənaye kimi müxtəlif sahələrə mənfi təsir göstərir.
“Son illərdə su qıtlığı mövzusu fəal şəkildə müzakirə olunur və su ehtiyatları iqlim dəyişmələri kontekstində mühüm rol oynamağa davam edir. Vaxtında görülən tədbirlər su ehtiyatlarının azalmasının qarşısını almaq üçün mühüm əhəmiyyət kəsb edir", - deyə ekspert bildirib.
O qeyd edib ki, bu sahədə ölkə daxilində və beynəlxalq səviyyədə ölkələr arasında su ehtiyatlarının idarə olunması üzrə diplomatik və texniki müzakirələr vasitəsilə iki istiqamətdə iş görülür.
"Bu səylər su ehtiyatlarının qorunub saxlanmasında və artmasında mühüm rol oynayacaq. Kənd təsərrüfatının dünyada ən intensiv su istehlakçılarından biri olduğunu nəzərə alsaq, suyun yeni texnologiya və innovasiyaları tətbiq etməklə daha rasional istifadəsi FAO-nun fəaliyyətində öz əksini tapıb", - deyə Aynur Seyidyusif əlavə edib.
Qeyd edək ki, ADA universitetində İqlim-Su Zirvəsi keçirilib.
Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar və özəl sektordan ekspertləri iştirak ediblər.
Çıxış edənlər arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri baş icraçı direktoru, Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və "Aqualink" şirkətinin icraçı direktoru olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)