...

İşğal olunmuş torpaqların azad olunmasına dəstək məqsədilə Obama Administrasiyasına petisiya ilə müraciət edildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2016 12:45 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya ilə bağlı Obama Administrasiyasına petisiya ilə müraciət edib.
İşğal olunmuş torpaqların azad olunmasına dəstək məqsədilə Obama Administrasiyasına petisiya ilə müraciət edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" petisiya ilə bağlı Obama Administrasiyasına petisiya ilə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə AVCİYA-nın bu gün keçirilən toplantısında bildirilib.

Müraciətdə ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində 23 il ərzində heç bir nəticə əldə etmədiyi bəyan edilir, AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır.

Müraciətdə həmçinin, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir.

AVCİYA petisiyanın qeydə alınması üçün ən azı 100 min nəfərin müraciəti (elektron) imzalaması zərurətini nəzərə alaraq, bütün azərbaycanlılara və türklərə müraciət edir: "İşğalçı Ermənistanı bütün dünyada ifşa etmək üçün; son günlər təmas xəttində Ermənistan təxribatlarının artması və bu təxribatların qarşısının alınması istiqamətində aparılan hərbi əməliyyatlara, vətən uğrunda mübarizəyə dəstək, Ermənistan dövlətinin çirkin informasiya hücumlarına qarşı birləşmək üçün; Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün milli həmrəyliyin vacibliyini nəzərə alaraq; Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin işğaldan azad olunmasına dəstək olmaq üçün; Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtması naminə bu petisiyanı imzalamağa və mümkün vasitələrlə bu məlumatın daha geniş auditoriyada yayılmasına yardım etməyə çağırırıq".

Tədbirdə çıxış edən AVCİYA prezidenti Elxan Süleymanov bildirib ki, hər kəs bu ideoloji müharibədə fəal iştirak etməlidir.

E.Süleymanov deyib ki, Azərbaycan Silahlı Qüvvələri son günlər cəbhə xəttində ermənilərin təxribatlarına layiqli cavab verdi: "Bu bir daha göstərdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarını azad etməkdən əl çəkməyəcək və torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü var. Bu 23 il ərzində Azərbaycana öz torpaqlarını unutdurmaq cəhdləri heç bir nəticə vermədi".

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana son səfərinə münasibət bildirən E.Süleymanov deyib ki, 23 ildir edilən həmin vədlər Minsk qrupunun həmsədləri tərəfindən yenə verildi: "ATƏT Minsk qrupunun fəaliyyəti 23 ildir heç bir nəticə verməyib. Artıq bütün dünya bilir ki, Azərbaycanın səbri tükənib və bizə qarşı olan bu ədalətsizliyə dözmür. Biz mübarizəni davam etdirməliyik, ideoloji mübarizəmizi gücləndirməliyik. Beynəlxalq təşkilatların bizə qarşı olan ögey münasibətini bütün dünyaya bəyan etməliyik. Bu baxımdan petisiyanın məqsədi ideoloji mübarizənin gücləndirilməsi və bizə qarşı olan bu haqsızlıqları dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti