...

Elmar Məmmədyarov NATO Baş katibinin müavini ilə görüşüb (FOTO)

Siyasət Materials 8 Dekabr 2016 16:51 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Baş katibinin müavini Roza Qotemüller ilə görüşüb.
Elmar Məmmədyarov NATO Baş katibinin müavini ilə görüşüb  (FOTO)

Bakı. Trend:

Hamburqda keçirilən ATƏT-in 23-cü nazirlər şurasının iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Baş katibinin müavini Roza Qotemüller ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş katibinin müavini Roza Qotemüller Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, ölkəmizin Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi işinə töhfəsini yüksək qiymətləndirib.

Nazir E.Məmmədyarov Azərbaycanın Əfqanıstanda hərbi təsisatların quruculuğuna dəstək məqsədilə Əfqanıstan Milli Ordusunun (ƏMO) Etimad Fonduna əhəmiyyətli miqdarda ianə etdiyi və maliyyə dəstəyini davam etdirəcəyinə dair məlumat verib.

Nazir Azərbaycanın NATO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verərək NATO-nun zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətin ifadə edilməsinin və münaqişənin bu prinsiplər əsasında həllinin dəstəklənməsinin təqdir edildiyini bildirib.

Nazir həmçinin Azərbaycanın Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürdüyü və bu işdə bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağını deyib.

Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının icrası məsələləri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti