...

DAK İKİ ALİMİ "GÜNEY AZƏRBAYCANA XİDMƏT" MÜKAFATI İLƏ TƏLTİF EDİB

Siyasət Materials 6 Sentyabr 2005 18:27 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycan mövzusunda çoxsaylı əsərlərin müəllifləri olan iki alimi mükafatlandırıb. Trend in məlumatına görə, sentyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində DAK-ın "Güney Azərbaycana xidmət" mükafatının təqdimetmə mərasimi keçirilib. Bu mükafata Quzey Azərbaycandan professor Almaz Əliqızı, Güneydən isə akademik Cəfər Qiyasi layiq görülüb.

DAK-ın nümayəndəsi Əjdər Tağızadə Güney Azərbaycanda 35 milyonluq azəri türkünün hüquqlarının pozulmasından danışıb, onların milli dövlətçilik hüquqlarının, vətənlərinin bütövlüyünün və digər haqlarının əllərindən alındığını deyib.

DAK-ın Ali Məclisinin sədri, millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, Güneylə Quzey Azərbaycan arasında mədəni, elmi, tarixi, mənəvi, dil bağlılığı olduğundan onları yalnız fikizi cəhətdən ayırmaq mümkündür.

S.Rüstəmxanlı qeyd edib ki, ikiyə bölünmüş xalq arasında mənəvi bütövlüyün qorunub saxlanmasında Ən böyük xidməti ədəbiyyat adamları göstərirlər. O, qeyd edib ki, Almaz Əliqızı və Cəfər Qiyasi Güney Azərbaycanla bağlı çoxlu sayda kitabların, elmi əsərlərin, araşdırmaların müəllifləridir və bu mükafatın ən layiqli sahibləridirlər.

S.Rüstəmxanlı Almaz Əliqızının Güney Azərbaycanın ədəbiyyatının nəzəriyyəsinə, müntəxabatına dair kitablarını Güneylə bağlı böyük bir kitabxana kimi qiymətləndirib: "Almaz Əliqızının bu əsərləri Günyelə Quzey arasında Xudafərin körpüsü qədər böyük rola malikdir və ikiyə bölümüş xalqın aradakı mənəvi bağlarını möhkəmləndirməyə xidmət edir.

Almaz xanım həm də bir pedaqoq kimi ali məktəblərdə tədris olunması üçün Güney Azərbaycanın proqramını hazırlayıb. Cəfər Qiyasi də Azərbaycanın memarlıq tarixinin araşdırılması sahəsində çox böyük işlər görüb.

Həmçinin Güneyli-Quzeyli Azərbaycanda olan qalaları bir-bir gəzib tədqiq edib, əsərlər yazıb və bu əsərlər həm də qədim abidələrin bərpası üçün çox gərəkli ola bilər"-deyə S.Rüstəmxanlı məlumat verib.

DAK-ın sədri Cavad Derəxti Güney mövzusunda yaradılan əsərlərə görə ilk dəfə mükafat təsis olunduğunu deyib, dəyərli fəaliyyətinə görə fərqlənən bu iki alimin Güney və Quzey Azərbaycanla bağlı araşdırmalar aparılması, təbliği sahəsində böyük xidmət göstərdiyini vurğulayıb.

Müsavat Partiyasının başqanı İsa Qəmbər hər iki alimin fəaliyyətini yüksək qiymətləndirərək, mükafat verərkən DAK-ın düzgün seçim etdiyini vurğulayıb.

Güney Azərbaycandan gəlmiş yazıçı-alim Daşqın bəy isə tədbirdə İranla bağlı deyilənlərlə razılaşmadığını diqqətə çatdırıb. O, özü 154 kitabın, 12 min səhifəlik lüğət-sözlüyün müəllifi olduğunu, İranda ali məktəblərə qəbul zamanı türk dilinə yer ayrıldığını deyib.

Onun fikrincə, İranda yaşayan xalqlar haqqında onların adından başqa ölkələrdə danışmaq doğru deyil: "Əgər xalq sizə müraciət edibsə, o zaman onun adından danışın, xalq özü istəsə etirazını bildirər, etmirsə, demək istəmir"-deyə yazıçı bildirib.

Tədbirdə çıxış edən digər alimlər, ictimai-siyasi xadimlər Güney Azərbaycan mövzusunda əsərlər yazılmasını, tədbiqatlar aparılmasını yüksək qiymətləndirərək, belə fəaliyyətlərə görə DAK-ın ilk dəfə olaraq mükafat təsis etməsinin də təqdirəlayiq hadisə olduğunu vurğulayıblar. Sonda DAK sədri Cavad Derəxi Almaz Əliqızı və Cəfər Qiyasiyə "Güney Azərbaycana xidmət" mükafatının diplomunu təqdim edib.

Xəbər lenti

Xəbər lenti