...

Çətinliklərlə üzləşirik və bundan çıxış yolu tapmalıyıq - Jan Kristof Bas

Siyasət Materials 1 May 2024 12:26 (UTC +04:00)
Çətinliklərlə üzləşirik və bundan çıxış yolu tapmalıyıq - Jan Kristof Bas
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda hər birimiz böyük çətinliklərlə üzləşirik və bundan çıxış yolu tapmalıyıq.

Trend xəbər verir ki, bu barədə Sülh Naminə Əlaqələndiricilər və QlobalKompasın təsisçisi, Brazzavildə baş məsləhətçi cənab Jan Kristof Bas VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaqgücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Hazırkı dünya parçalanır. Biz bunun hər sferada şahidiyik. Bütüm bunları daimi diqqət mərkəzində saxlamalıyıq. Bu, sadəcə beynəlxalq yox, cəmiyyətlər daxilində olan böhran və parçalanmadır. Heç kəs özlüyündə insanlığı bu çətinlikdən çıxarmaq qabiliyyətində deyil. Yalnız birlikdə çıxış yolu tapa bilərik.

Etiraf etməliyik ki, heç kəs öz fikrini digərlərinə diktə edə bilməz. Bizə lazım olan yalnızca dialoq deyil, paylaşmaqdır. Qarşımızda duran çətinlik çoxqütblü dünyanın qurulmasıdır ki, bu da bizə intibah gətirsin. Həqiqi mənada qarşımıza məqsədlər qoymalıyıq”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti