Bakı. Trend
Donor olmaq üçün şəxsin özünün könüllü razılığı olmalıdır
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.
Y.Abbasova qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinin 2-ci bəndinə əsasən, 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır:
“Canlı donor olmaq istəyən 18 yaşına çatan şəxs zəruri olan bütün yoxlamalardan keçməli, müvafiq analizləri verməlidir. Eləcə də, Koordinasiya Mərkəzinə həkim komissiyasının şəxsin donor ola biləcəyinə dair rəsmi rəyi verilməlidir. Qeyri-spesifik, kəskin və yaxud da xroniki problemi olan şəxslər donor ola bilməzlər”.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri həmçinin bildirib ki, bəzi infeksion-virus mənşəli xəstəliklərdən əziyyət çəkənlər – sifilis, QİÇS və digər onkoloji, qan xəstəlikləri olan insanlara donor olmaq qadağandır və orqanlarda heç bir patologiya yoxdursa, köçürülmə baş tuta bilər”.