Bakı. Trend:
Beynəlxalq təşkilatlar sülh və əmin-amanlığın qorunması məsələsi ilə məşğul olmalıdır.
Trend xəbər verir ki, bu barədə İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “ Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda keçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.
“Bütün insanlar bərabər hüquqa malik olmalıdır. Fərqli inanclara məxsus insanların birgə yaşaması üçün mümkün qərarlar qəbul edilməlidir. Bütün ölkələr və təsisatlar mədəniyyətlərarası dialoqa öz töhfələrini verməlidirlər”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.