Bakı. Trend:
COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm və bizim hər birimizin öhdəliyidir ki, bu tədbirdə fəal iştirak edək.
Trend-in məlumatına görə, bunu BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Migel Moratinos Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda panel müzakirələri zaman deyib.
O qeyd edib ki, bu gün dünya iqlim böhranı ilə üz-üzədir.
“Həqiqətən də COP29-u təşkil etdiyi üçün Azərbaycana və Azərbaycanın aparıcı komandasına təbriklərimizi çatdırmaq istəyirik. Biz əminik ki, bütün komandanızın tam öhdəliyi ilə COP29-un uğurlu keçirilməsinə nail olacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.