Sentyabrın 23-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (MSK) Mərkəzi Seçki Komissiyasının (MSK) müvafiq sorğusuna cavab göndərib. Bu barədə Trend ə MSK-nın katibi Vidadi Mahmudlu məlumat verib.
Sorğu seçkilərə namizəd kimi qatılmış şəxslərin içərisində ağır və xüsusilə ağır cinayətlər törətmiş və məhkum olmuş: həmçinin məhkumluğu götürülməmiş şəxslərin olub-olmamasını müəyyənləşdirmək məqsədi güdüb.
V.Mahmudlunun sözlərinə görə, MSK namizədlərin içərisində ağır cinayətlərə görə məhkum olunan, məhkumluğu tam ödənilməyən şəxsləri müəyyən etmək üçün mümkün olan vasitələrdən istifadə edir. DİN-nə edilmiş sorğu da bununla bağlı olub.
MSK katibi DİN-nin MSK-nın sorğusuna verdiyi cavabda ağır cinayətlər törətmiş və yaxud məhkumluğu ödənilməmiş namizədlərin adlarının olub-olmaması ilə bağlı sualı indidən cavablandırmağı tələsik addım kimi qiymətləndirib.
V.Mahmudlu: "Həmin cavab əsasında hazırda araşdırmaları davam etdiririk. Bu araşdırma iki gün davam edəcək. Nəticəsi barədə də iki gündən sonra məlumat veriləcək".