...

AZƏRBAYCANLI DEPUTAT AŞPA-NIN SESSİYASINDA UKRAYNA İLƏ BAĞLI ÇIXIŞ EDİB

Siyasət Materials 5 Oktyabr 2005 17:49 (UTC +04:00)

Oktyabrın 5-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Ukrayna və Moldovadakı durumla bağlı dinləmələr olub. Trend in məlumatına görə, sessiya çərçivəisndə bu ölkələrin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyətinə dair məruzələr dinlənilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ukrayna ilə bağlı çıxış edib. O, öz çıxışını əsasən Ukraynaya dəstək üzərində qurub.

A.Mollazadə bildirib ki, Kiyevdəki proseslər normal demokratik proseslərdir və buna dəstək verilməlidir. Azərbaycanlı deputatın fikrincə, Ukraynada cərəyan edən hadisələrin normal qarşılanması və dəstəklənməsi bu ölkə ilə bərabər digər dövlətlərə də müsbət təsirini göstərə bilər.

"Ukrayna və Moldovada demokratiyanın, iqtisadiyyatın inkişafı bütün regionda ümumi inkişafa nail olmaq üçün önəmli xarakter daşıyır. Digər post-sovet ölkələri Avropaya və buradakı demokratik sistemə inteqrasiya prosesində Ukraynadan nümunə götürməlidir. Avropa Şurasına üzv olan ölkələr Ukraynaya dəstək verməklə həm də digər keçmiş Sovet ölkələrindəki demokratikləşmə prosesinə, bütün sahələrdə islahatların aparılmasına dəstək vermiş olarlar"-deyə Asim Mollazadə çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti