...

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında nizama salınmalıdır

Siyasət Materials 9 Dekabr 2005 12:56 (UTC +04:00)

Azərbaycan beynəlxalq hüquq normaları və prinsiplərinə müvafiq olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində münaqişənin ədalətlə nizama salınmasını, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin, eləcə də İKT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarının icrasını tələb edir. Trend bildirir ki, Məkkədə İslam Konfransı Təşkilatının (İKT) sammitində Azərbaycan prezidenti İlham Əliyev bu barədə bəyan edib.

"Münaqişə etnik təmizləmə və suveren dövlətin ərazilərinin de-fakto qəsbkarlıq əsasında deyil, beynəlxalq hüquq normaları əsasında nizama salınmalıdır. Dövlətimizin ərazi bütövlüyü ilə bağlı olan hər hansı bir güzəştə getməyəcəyik"-deyə İ.Əliyev bildirib və İKT, habelə digər ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında dəstəyini yüksək qiymətləndirib.

İ.Əliyev bəyan edib ki, Azərbaycan İKT ilə sıx əməkdaşlığa xüsusi önəm verir və qarşılıqlı ticari əlaqələrin genişləndirilməsi yolu ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çağırıb. "Hazırda bunun üçün yaxşı imkanlar vardır. Bu, son dərəcə mühüm məsələdir və biz Azərbaycanda ikitərəfli iqtisadi əlaqələrə təkan verilməsi məqsədilə əhəmiyyətli qərarlar qəbul etməyə hazırıq" -deyə o əlavə edib. Prezidentin sözlərinə görə, Azərbaycan beynəlxalq terrorizmlə bağlı olaraq İKT-nin qəti mövqeyini yüksək qiymətləndirir və kral Abdulla ibn Abdul Əzizin BMT-nin himayəsi ilə terrorizmlə mübarizə Beynəlxalq mərkəzinin yaradılması barədə təşəbbüsünü dəstəkləyir. "Mən İKT-nin islam həmrəyliyinə, prinsiplərinə və məqsədlərinə sadiqliyimi bəyan edirəm və hamını sülh, sabitlik və tərəqqi naminə bütün qüvvələrini səfərbər etməyə çağırıram"-deyə prezident İ.Əliyev fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti