...

İqtisad Məhkəməsi hakiminin qətli ilə əlaqədar istintaq Bakı şəhər Prokurorluğunun icraatındadır

Siyasət Materials 26 Dekabr 2005 18:37 (UTC +04:00)

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi Solmaz Əsgərovanın qətli ilə əlaqədar ibtidai istintaq Bakı Şəhər Prokurorluğunun icraatındadır. Bu barədə Trend ə Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Dekabrın 23-də axşam saatlarında İqtisad Məhkəməsinin inzibati binasından çıxan hakim qəfil hücuma məruz qalıb. Hakimə bir neçə bıçaq xəsarəti yetirilib və o, hadisə yerində dünyasını dəyişib. Bir neçə dəqiqədən sonra məlum olub ki, Solmaz Əsgərovanı qətlə yetirən şəxs onun keçmiş əri Babək Rzayev imiş. Belə ki, B.Rzayev Yasamal rayon Polis İdarəsinə gedərək törətdiyi cinayəti könüllü şəkildə etiraf edib.

B.Rzayev ilkin ifadəsində göstərib ki, bir neçə il əvvəl nikahlarını rəsmi qaydada pozduqdan sonra birgə mülkiyyətlərində olan daşınan və daşınmaz əmlaklara Solmaz Əsgərova yiyələnib. Belə olan halda Babək Rzayev vətəndaşlıqdan imtina etmək qərarına gəlib. Dekabrın ortalarında Solmaz Əsgərovaya zəng vuraraq Rusiyaya getmək və orada vətəndaşlıq almaq üçün ona kömək etməsini xahiş edib. S.Əsgərova isə əlində imkan olduğu qədər ona yalnız zülm edəcəyini söyləyib.

Bu söhbətdən sonra Babək Rzayev keçmiş arvadından qisas almaq məqsədilə bıçaqla silahlanıb, İqtisad Məhkəməsinin qarşısına gələrək S.Əsgərovanın binadan çıxmasını gözləyib. İş gününün sonunda binadan çıxan S.Əsgərovaya hücum edərək ona bıçaq zərbələri endirməklə qətlə yetirib.

Cinayət işi üzrə istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti