...

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə çatıb (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2015 11:11 (UTC +04:00)
2015-ci il yanvar ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə – 12,4 faiz artaraq, 7,2 milyard manata yüksəlib.
Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə çatıb (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

2015-ci il yanvar ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə - 12,4 faiz artaraq, 7,2 milyard manata yüksəlib.

Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) Trend-ə verilən məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov universitetdə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

R.Səlimov deyib ki, 2014-cü ildə MDB-nin milli valyutaları arasında yalnız manat məzənnəsini qoruyub saxlayıb. Ötən il əhalinin gəlirləri 4,8 faiz çoxalıb. Orta aylıq əmək haqqı 443 manat, aylıq pensiyanın orta məbləği 173,4 manat təşkil edib.

Onun sözlərinə görə, ötən 11 il ərzində ölkə iqtisadiyyatında orta hesabla 11,5 faiz artım baş verib. Beynəlxalq Valyuta Fondunun rəsmi məlumatına əsasən, bu, dünya ölkələri üzrə ən yüksək göstəricidir. Onun sözlərinə görə, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 10 faizə yaxın müsbət dinamika qeydə alınıb.

R.Səlimov 2014-cü ildə sənaye sektorunda ümumi 0,7 faiz azalma baş verdiyini bildirsə də, sənayenin qeyri-neft sektorunda 6.9 faizlik artım olduğunu vurğulayıb. Dünya iqtisadiyyatında, maliyyə bazarında baş verən prosesləri nəzərə alsaq bu uğurlu göstəricidir. Ölkə rəhbərliyinin yaratdığı münbit investisiya mühiti iqtisadiyyatımıza yatırılan sərmayələrin həcmini artırıb. Ötən il ərzində ölkəyə 21,8 milyard manat investisiya yatırılıb ki, onun da 58,5 faizi daxili mənbələr hesabınadır. 2014-cü ildə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyanın həcmində artım baş verib.

2014-cü ildə 127 min yeni iş yerləri yaradılıb. Bu da ölkədə işsizlik və yoxsulluq səviyyələrinin aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, işsizlik səviyyəsi 0,1 faiz azalaraq 4,9 faizə, yoxsulluq səviyyəsi isə 0,3 faiz azalaraq 5,0 faizə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti