...

Bakının gözəllik harmoniyasını pozanların cəzasızlığı

Cəmiyyət Materials 20 Avqust 2015 14:13 (UTC +04:00)
“Bakıda binalara və ictimai iaşə obyektlərinə icazəsiz vurulan reklam və elan tipli bukletlərin kütləviliyinin qarşısını almaq üçün icra orqanları məsuliyyətli olmalıdır”.
Bakının gözəllik harmoniyasını pozanların cəzasızlığı

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elmir Murad/

Bu gün Bakının binaları, divarlarına qanunsuz olaraq reklam, elan tipli bukletlərin yapışdırılması və bunun kütləvi hal alması paytaxtın görkəmini arzuolunmaz hala salır, gözəllik harmoniyasını pozur. Bunun qarşısını almaqda nədən acizlik göstərilir. Kifayət qədər müşahidə kameralarının olduğu halda, nədən vətəndaşlar inzibati məsuliyyətə cəlb olunmur?

Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev Trend-ə deyib ki, Bakıda binalara və ictimai iaşə obyektlərinə icazəsiz vurulan reklam və elan tipli bukletlərin kütləviliyinin qarşısını almaq üçün icra orqanları məsuliyyətli olmalıdır.

Son dövrlər binaların üzərində tez-tez rast gəlinən reklam və bukletlərin şəhərin görünüşünü pozmaqla yanaşı, bu istiqamətdə atılan addımları qanunsuz sayan deputat hesab edir ki, bu halın kütləviləşməsi icra orqanlarının diqqətsizliyindən yaranır: "Bütün bu hallar reklam haqqında qanunla tənzimlənir. Yaşayış binalarının üzərinə və ya ictimai yerlərə reklam lövhələri vurularkən müvafiq qurumlardan icazə alınmalıdır. Eyni zamanda, reklamların şəhərin ümumi görünüşünə xələl gətirməsi nəzərə alınmalıdır. Burada icra hakimiyyətlərinin müvafiq orqanları və bələdiyyələrin də üzərinə məsuliyyət düşür. Onlar bu cür halların artmaması üçün nəzarəti artırmalıdırlar".

Hüquqşünas Tağı Hüseynov isə reklam aqqında qanunu əsas gətirərək icazəsiz reklam vuranlar üçün müxtəlif cərimələrin nəzərdə tutulduğunu bildirib: "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.5-ci maddəsinə görə, müvafiq icra hakimiyyətindən və mülkiyyətçidən icazə almadan yaşayış məntəqələrində reklam daşıyıcıları yerləşdirməyə görə, fiziki şəxslər barəsində 50 manatdan 100 manata, vəzifəli şəxslər barəsində 150 manatdan 250 manata, hüquqi şəxslər barəsində isə 300 manatdan 400 manat məbləğində cərimə nəzərdə tutulur. Təəssüf ki, Azərbaycanda sözügedən məsələyə diqqət az olduğundan, binalar üzərində qanunsuz şəkildə reklam yerləşdirmək adi hala çevrilib. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ qanuniləşəcək və qarşısı alınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti