...

Ramiz Rzayev Xədicə İsmayılın azadlığa buraxılacağı xəbərinə münasibət bildirdi

Cəmiyyət Materials 1 Aprel 2016 16:10 (UTC +04:00)
Ali Məhkəmənin sədri Ramiz Rzayev həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
Ramiz Rzayev Xədicə İsmayılın azadlığa buraxılacağı xəbərinə münasibət bildirdi

Bakı. Samir Əli - Trend:

Ali Məhkəmənin sədri Ramiz Rzayev həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

Trend-in məlumatına görə, Ali Məhkəmənin sədri bu məsələ ilə bağlı konkret qərar qəbul olunmadığını deyib: "Bununla bağlı müraciət olubsa, Ali Məhkəmə müraciəti plenuma çıxaracaq. Lakin artıq hər hansısa müraciətə baxılıbsa və qərar qəbul edilibsə, Ali Məhkəmə ikinci dəfə məsələyə baxmayacaq. Bu işlə bağlı ya müraciət olunmalıdır, ya da Baş Prokurorluq protest verməlidir. Bu müraciətlər olmasa, biz hər hansısa işə baxa bilmərik".

Xatırladaq ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Hökmdən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Jurnalist Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti