Bakı. İlhamə İsabalayeva - Trend:
"Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcək. Onların işinə heç kim zərər vurmayacaq. Bu Mərkəzin yaradılması idarəetmədə olan bir dəyişiklikdir". Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Hazırda sənəd qəbulunun aparıldığını xatırladan M.Abbaszadə qeyd edib ki, son dəyişikliklər bu prosesə təsir göstərməyəcək və sənəd qəbulu davam edəcək.
Komissiya sədri qeyd edib ki, imtahanların mahiyyəti ilə bağlı heç bir dəyişiklik edilməyəcək: "İmtahanların keçirilməsi, onların mahiyyəti, abituriyentlərin imtahanlara hazırlıq prosesi ilə əlaqədar dəyişikliklər olmayacaq. İmtahanın mahiyyətinə aid olan dəyişikliklər abituriyentlərə bir il əvvəl elan edilir. Bu ilin qəbul qaydaları isə elan edilib, onlar artıq dəyişdirilə bilməz".
M.Abbaszadə hazırda TQDK-nın öz fəaliyyətini davam etdirdiyini deyib: "Bir sıra hüquqi prosedurlar yerinə yetiriləndən - yeni qurum dövlət reyestrinə daxil edildikdən sonra biz fəaliyyətimizi dayandıracağıq. Yeni struktur dövlət qeydiyyatına alınana qədər isə öz işimizi davam etdirməliyik. Buna görə də Prezidentin fərmanına əsasən, biz öz işimizi hələ davam etdiririk".
M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılması ilə əlaqədar idarəetmədə olan dəyişikliklərin proseslərin daha da şəffaflaşmasına xidmət edəcəyini söyləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Dövlət İmtahan Mərkəzi ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.