...

BANM və Akademik Zərifə Əliyeva adına Lisey müqavilə imzaladılar (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2016 13:58 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi və Akademik Zərifə Əliyeva adına Lisey arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
BANM və Akademik Zərifə Əliyeva adına Lisey müqavilə imzaladılar (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbi və Akademik Zərifə Əliyeva adına Lisey arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tədbiri açan Ali Məktəbin rektoru Elmar Qasımov Akademik Zərifə Əliyeva adına Liseyin yüksək tədris və təlim-tərbiyə ilə bağlı xüsusiyyətləri birləşdirən bir təhsil ocağı olduğunu bildirib. O, BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan Liseyin məzunlarının bilik səviyyəsinin yüksək olduğunu deyib. Rektor BANM və Akademik Zərifə Əliyeva adına Lisey arasında olan əməkdaşlığın bundan sonra daha da inkişaf etməsi məqsədilə geniş əməkdaşlığın qurulması üçün müqavilə imzalanmasını diqqətə çatdırıb. Müqavilədə liseydə təhsil alan şagirdlərin mühəndislik ixtisaslarına marağının və motivasiyasının artırılması istiqamətində zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin birgə həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Elmar Qasımov əməkdaşlıq müqaviləsinin bağlanmasının ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik ifadə edib. Rektor Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva kimi elm xadimin adını daşımasının böyük məsuliyyət olduğunu və bu liseyin hazırda bu şərəfli adı doğrultduğunu vurğulayıb.

Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva BANM-in rəhbərliyinə təşəkkür edərək ikitərəfli əməkdaşlığın genişlənməsindən, bununla liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkan yaranmasından şad olduğunu bildirib. O, Azərbaycanın ən nüfuzlu təhsil ocağı olan BANM-in tələbəsi adını qazandıqları üçün Liseyin məzunları ilə qürur hissi keçirdiyini deyib. Mehriban Vəliyeva Liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşımasının həm böyük şərəf və fəxr olmaqla, həm də böyük məsuliyyət olduğunu bildirib və bu adı doğrultmağa çalışdıqlarını deyib.

Sonra əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Qeyd edək ki, razılaşmada BANM tərəfindən Liseyin kitabxanası və fənn kabinetlərinin informasiya resursları ilə təmin edilməsi, Liseyin işçiləri ilə BANM-in professor-müəllim heyətinin görüşlərinin keçirilməsi, Liseyin şagirdləri üçün BANM-ə və SOCAR-ın müəssisələrinə ekskursiyaların təşkili, Liseydə şagirdlərin texniki yaradıcılıq dərnəklərinin işinə dəstək göstərilməsi, Liseyin şagirdləri ilə BANM-in tələbələrinin teatr tamaşalarına, konsertlərə və muzeylərə birgə səfərinin təşkili, Liseyin şagirdlərindən ibarət komandaları və BANM-in tələbələrinin komandaları arasında idman yarışlarının keçirilməsi, Liseyin tələbələri ilə BANM-in tələbələrinin Liseydə və BANM-də müxtəlif mövzular üzrə diskussiya xarakterli görüşlərinin təşkil edilməsi, qarşılıqlı olaraq Lisey şagirdlərinin və BANM-in tələbələrinin korporativ tədbirlərdə iştirakının təşkil edilməsi, BANM-in Liseyin məzunları olmuş tələbələri tərəfindən Liseyin yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda məruzələrin təqdim edilməsinə şəraitin yaradılması, BANM-in mütəxəssisləri tərəfindən Lisey şagirdləri üçün aktual mövzular üzrə mühazirələrin oxunmasının təşkili, BANM-in kampusunda Lisey ilə əməkdaşlıq üçün ayrılmış məkanda texniki yönümlü fənlərin tədrisi üçün ixtisaslaşdırılmış tədris laboratoriyalarının yaradılmasına dəstəyin göstərilməsi, BANM-in mütəxəssislərinin Liseydə həyata keçirilən mütəxəssis hazırlığı proqramları çərçivəsində müəllim kimi fənlərin tədrisinə cəlb olunması, mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə konfrans, seminar və ixtisasartırma kurslarının birgə təşkil edilməsi kimi müddəalar öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti