...

Bakıda yaşayış binasındakı yanğınla bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başladı

Cəmiyyət Materials 14 İyun 2016 16:02 (UTC +04:00)
Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda yaşayış binasındakı yanğınla bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini ittihamlarda təqsirli bilməyib.

Təqsirləndirilən Fərid Sadıqov ifadəsində yanğın baş vermiş binanın üzlənməsində, görülən işlərdə onun heç bir payı olmadığını deyib.

Hakim F.Sadıqovdan binada sonradan aparılan təmir işləri ilə əlaqəsinin olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs bildirib ki, binanın təmiri "Hikmət İnşaat" tərəfindən aparılıb.

Məhkəmə prosesi iyunun 28-i davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti