...

Qusar və Qubada Beynəlxalq Tolerantlıq Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2016 18:55 (UTC +04:00)
Qusarın Hil kəndi və Qubanın Qırmızı qəsəbəsində "16 noyabr - Beynəlxalq Tolerantlıq Günü"nə həsr olunmuş tədbirlər keçirilib.
Qusar və Qubada Beynəlxalq Tolerantlıq Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Bu gün Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Qusarın Hil kəndi və Qubanın Qırmızı qəsəbəsində "16 noyabr - Beynəlxalq Tolerantlıq Günü"nə həsr olunmuş tədbirlər keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər iki tədbirdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları Seyfəl Həsənov və Ceyhun Məmmədov, DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk tədbir Qusar rayonu Hil kəndinin yaşı yüzdən yuxarı olan məscidində baş tutub. Tədbiri giriş sözü ilə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev açıb və Qusar rayonunun Hil kəndində yerləşən tarixi məscid haqqında geniş məlumat verib. O bildirib ki, bu kəndin əhalisinin böyük əksəriyyəti ləzgilərdən ibarətdir. Kəndin sakinləri içərisində Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş gənclərin də olduğunu xatırladan şöbə müdiri onların xatirəsinin hər zamanla ehtiramla yad edildiyini bildirib.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Ceyhun Məmmədov geniş nitq söyləyərək bildirib ki, Azərbaycanda mövcud olan tolerant mühit dünyanın ən demokratik hesab olunan dövlətləri üçün nümunəvi formadır. O, Azərbaycanda bütün xalqların birgə, dinc yaşadığını və eyni hüquqlara malik olduğunu xüsusi olaraq vurğulayıb.

Dövlət müşavirinin xidmətinin əməkdaşı Seyfəl Həsənov xalqımızın multikultural dəyərlərinə dair fikirlər söyləyib və artıq bir elm kimi ali məktəblərdə tədrisindən bəhs edib.

Tədbirdə iştirak edən kənd ağsaqqalları və digər şəxslər ölkəmizdə mövcud tolerant mühitin formalaşdırılmasında apaprdığı təqdirə layiq işlərə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Günün ikinci yarısında eyni adlı tədbir dağ yəhudilərinin kompakt yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsində baş tutub. Tədbir “Giləki” sinaqoqunda təşkil olunub.

E.Nurullayev çıxış edərək bildirib ki, Azərbaycanda yaşayan dağ yəhudiləri əsrlər boyu Azərbaycan xalqına qaynayıb-qarışmış, xeyir və şər günlərdə bir-birlərinin yanında olmuşlar. E.Nurullayev çıxışı zamanı 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilmiş soyqırımı təəssüf hissi ilə xatırladıb, həmin günlərdə yəhudi xalqının nümayəndələri də ermənilər tərəfindən zorakılığa və qırğınlara məruz qaldıqlarını diqqətə çatdırıb.

C.Məmmədov tədbirdə çıxış edərək bir çox xalqlar və millətlər kimi Azərbaycanda yaşayan dağ yəhudilərinin də vətənlərinin məhz Azərbaycan olduğunu dilə gətirib və bildirib ki, Azərbaycanda yaşayan hər bir etnik, millət və ya xalq kimi dağ yəhudiləri də sərbəst şəkildə öz adət - ənənələrini yerinə yetirir və dini ayinlərini icra edirlər.

S.Həsənov milliyətindən, kimliyindən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşlarının bərabər olduğunu və tolerant yaşam tərzinin onların daxilindən gəldiyini vurğulayıb.

Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək rayon icra hakimiyyətinin tolerantlıq və multikulturalizmə həsr olunmuş tədbirlərdən bəhs edərək, ölkə rəhbərliyinin də bu sahəyə xüsusi diqqət ayırdığını diqqətə çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti