...

HÜQUQ MÜDAFİƏÇİLƏRİ İNSAN HAQLARI ÜZRƏ İŞÇİ QRUPUNDA TƏMSİLÇİLİKDƏN İMTİNA EDƏ BİLƏRLƏR

Cəmiyyət Materials 5 Avqust 2005 16:48 (UTC +04:00)

Hüquq müdafiəçiləri dövlət orqanlarının nümayəndələri ilə birgə təmsil olunduqları işçi qrupunda fəaliyyətlərini dayandıra bilərlər. Bu barədə Trend ə insan haqları, siyasi məhbuslar problemi ilə bağlı yaradılmış işçi qrupunun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib. Onun sözlərinə görə, işçi qrupunun dövlət orqanlarından olan üzvləri növbəti iclasın vaxtını yubadırlar.

Ç.Qənizadə bildirib ki, iyul ayının 22-nə, daha sonra avqustun ilk günlərinə təyin olunmuş görüşlər hər dəfə təxirə salınıb. Buna səbəb işçi qrupunda təmsil olunan millət vəkillərinin qarşıdan gələn parlament seçkilərinə hazırlaşması, imza toplama kampaniyası ilə məşğul olmalarıdır.

"Mən hesab edirəm ki, imzatoplama kampaniyası 4-5 gün vaxt aparan prosesdir. Lakin qarşı tərəfin bu qədər vaxt uzatması, süründürməçilik etməsi başa düşülmür. Biz hüquq müdafiəçiləri iclasın əsassız yerə uzadılmasına etiraz edirik.

Gələn həftə də iclas təyin olunmasa, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu bununla bağlı öz qəti mövqeyini bildirəcək"-deyə Ç.Qənizadə bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının yay sessiyası bitdiyinə görə insan haqlarına dair işçi qrupunun toplanıb konkret işlər görməsi hökumət nümayəndələrində o qədər də maraq yaratmır.

Ç.Qənizadənin fikrincə, AŞPA-nın payız sessiyası ərəfəsində isə işçi qrupu fəallaşa bilər. "Yaxın günlərdə işçi qrupunun görüşləri bərpa olunmasa, hüquq müdafiəçiləri orada təmsilçiliklərini dayandıra bilər"-deyə Ç.Qənizadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti