...

Bakıda məşhur idmançıların iştirakı ilə 3 gimnastika növündə yarışlar keçiriləcək

İdman Materials 27 Sentyabr 2016 18:02 (UTC +04:00)
Qarşıdan gələn ilin ilk 5 ayı ərzində Azərbaycan Gimnastika Federasiyası Bakıda 7 beynəlxalq gimnastika tədbiri təşkil edəcək.
Bakıda məşhur idmançıların iştirakı ilə 3 gimnastika növündə yarışlar keçiriləcək

Bakı. Trend:

Qarşıdan gələn ilin ilk 5 ayı ərzində Azərbaycan Gimnastika Federasiyası Bakıda 7 beynəlxalq gimnastika tədbiri təşkil edəcək.

Trend Federasiyanın saytına istinadən məlumat verir ki, tədbirlərə ilk olaraq 3 hakimlik kursları ilə start veriləcək. Qaydalara əsasən, yeni Olimpiya dövründə hər gimnastika növü üzrə yalnız bir qitələrarası və bir neçə beynəlxalq hakimlik kursları keçirilir. Rəsmi yarışlarda iştirak hüququna malik olmaq üçün bütün hakimlər bu kurslarda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən verilən hakimlik dərəcələrini əldə etməlidirlər.

2017-2020-ci illər Olimpiya dövründə, Bakı ilk dəfə olaraq ən yüksək hakimlik dərəcələrinin təqdim edildiyi FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik kurslarına 17-21 yanvar tarixlərində ev sahibliyi edəcək.

Bunun ardınca, yanvarın 26-dan 30-dək Bakıda Bədii Gimnastika üzrə bu dəfə ingilis dilli Beynəlxalq Hakimlik kursları təşkil olunacaq.

6-9 fevral tarixlərində isə Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik kurslarında yerli və xarici hakimlər öz dərəcələrini təsdiq etmək və ya artırmaq imkanından yararlana biləcəklər. Bu gimnastika növü üzrə kurslar ölkəmizdə daha öncə 2007-ci ildə keçirilib.

Hakimlik kurslarından dərhal sonra, Bakı tamaşaçısı 2016-cı ildə olduğu kimi, 3 gimnastika növündə (batut gimnastikası - 18-19 fevral, idman gimnastikası - 16-19 mart, bədii gimnastika - 28-30 aprel) məşhur idmançıların iştirakı ilə FIG Dünya Kuboku, AGF Trophy yarışlarını izləmək şansı əldə edəcəklər.

Sadalanan tədbirlərlə yanaşı, 6 və 7 may tarixlərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının üzvləri ilk dəfə olaraq Bakıda toplaşacaqlar. Beləliklə, növbəti Olimpiya dövrünün ilk mühüm qərarları Bakıdakı iclasda qəbul ediləcək.

Daha sonra isə İslam ölkələrindən olan idmançılar Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları (12-22 may) çərçivəsində 3 gimnastika növü (kişi idman gimnastikası, qadın idman gimnastikası, bədii gimnastika) üzrə yarışlarda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti