...

Bakı-2017: Paracüdoçularımızdan 3 qızıl medal gözləyirik

İdman Materials 14 May 2017 14:51 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında paracüdoçuların yarışı davam edir.
Bakı-2017: Paracüdoçularımızdan 3 qızıl medal gözləyirik

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında paracüdoçuların yarışı davam edir.

Trend-in məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan idmançımız Elçin Talıbovun ilk rəqibi özbəkistanlı Utkirjon Niqmatov görüşə çıxmadığı üçün təmsilçimizə texniki qələbə verilib. İkinci görüşündə E.Talıbov Türkiyə təmsilçisi Rəcəp Çiftçini 2:0 hesabı ilə məğlub edib. Sonra əlcəzairli Mohammed Kamel Bellabasa ipponla qalib gələn paracüdoçumuz finalda digər təmsilçimiz - Olimpiya Oyunlarının gümüş mükafatçısı Bayram Mustafayevla qarşılaşacaq.

73 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016-nın çempionu Ramil Qasımov Türkiyə idmançısı Serdar Aydın üzərində ipponla qələbə qazanıb. Finalda onun rəqibi özbəkistanlı Feruz Sayidov olacaq.

100 kq-da çıxış edən Kənan Abdullaxanlı da Türkiyə paracüdoçusu Dursun Hayranla qarşılaşıb. Cüdoçumuz rəqibindən üstün olaraq finala yüksəlib.

Bu çəki dərəcəsində ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev ilk görüşündə İran idmançısı Ehsan Musanezhadkarmozdiyə qalib gəlsə də, təəssüf ki, ikinci görüşdə Özbəkistan idmançısı Şirin Şaripova məğlub olub.

Digər paracüdoçularımız Natiq Talıbov (73 kq), Rövşən Səfərov və Tofiq Məmmədov (hər ikisi 90 kq) ilk görüşdə uduzublar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti